Vaqif Mustafazadənin yeni lent yazısı tapılıb

post-img

Azərbaycan caz sənətinin əfsanəsi, caz-muğam janrının yaradıcısı, Əməkdar artist Vaqif Mustafazadənin bu günə kimi bəlli olmayan lent yazısı üzə çıxarılıb.

Bu barədə Rəşid Behbudov Fondunun direk­toru Kamil Şahverdi öz sosial şəbəkə hesabında məlumat verib. Bildirilir ki, lent yazısı müğənni, caz musiqisi bilicisi Tofiq Həsənsoy tərəfindən aşkar olunub. 1979-cu ildə Vaqif Mustafazadənin son konsertlərindən birində ifa olunan bu əsər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Bəstəkarlıq kafedrasının müdiri professor Aydın Əzim Kərimoğluya məxsusdur.

“Aydın K.Azim mövzusunda fantaziya” adlı əsəri V.Mustafazadə və dostları gitarada Ələsgər Abbasov (Türkiyədə yaşayır), zərb alətində Pərviz Ədib (Almaniyada yaşayır) və bas-gitarada Nazim Quliyev ifa edirlər.

Kamil Şahverdi paylaşımında yazıb: “... 45 il bundan əvvəl ifa olunan şedevr fantaziya­nı ilk dəfə sizə təqdim etməkdən qürur duyuram. Bu lent yazısının üzə çıxması üçün dəyərli dostu­muz, caz musiqisinin mahir bilicisi və təbliğatçısı Tofiq Həsənsoya təşəkkürlər!”

AYTƏN
XQ

Mədəniyyət