2 filmimiz “fəxri ad” alıb

post-img

“Şollerin arxivi”, “Edam günü” və digər filmləri beynəlxalq festivallarda mükafatlar qazanmış ssenarist və rejissor Cəlaləddin Qasımov bu günlərdə daha bir uğura imza atıb. 

Müəllifin böyük mesenat Hacı Zeynalabdin Tağıyevdən bəhs edən 30 dəqiqəlik “100 il şərəfli ömür” bədii-sənədli filmi Kanadanın Toronto şəhərində keçirilən  “Geniş Ekranlı Film və Musiqili Video” festivalında “Fəxri ad” mükafatına layiq görülüb. Eyni zamanda, onun quruluşçu rejissor Amil Əlioğlu və quruluşçu operator Murad Nəzərli ilə birlikdə əsəyə gətirdiyi “İkinci ömür” tammetrajlı bədii filmin ssenarisi də eyni mükafata layiq görülüb.

Böyük mesenata həsr olunan filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. Xatırladaq ki, bi ekran əsəri bir müddət əvvəl Lissabon Film Festivalında da fərqlənərək sertifikata layiq görülüb. O zaman film həmin şəhərin Lusofona Universitetində müqavilə üzrə 2 il tədris vəsaiti kimi tələbələrə nümayiş etdirilib. 

 “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq, soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”, – deyə Cəlaləddin Qasımov bildirib.

O, ekran əsərinin gələcəkdə də müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında düşünür. Hazırda isə “İkinci ömür” filmi üzərində işlər başa çatmaqdadır.

XQ

 

Mədəniyyət