Şuşada Vaqif Poeziya Günləri

post-img

Mədəniyyət paytaxtımızda bu dəfə Şuşa və Qarabağın “bədii bəyannamə”ləri yayımlandı

Ruhumuzun beşiyi – qəlbimizin tacı Şuşada zaman-zaman tariximizin silinməz-pozulmaz səhifələri yazılıb. Bu şəhər Səfəvilər dövlətinin süqutundan sonra Güneydə saray və ordu sürətlə farslaşdırılanda, türklük yavaş-yavaş arxa plana keçəndə, Azərbaycana yağmaçı münasibət tüğyan edəndə Arazın bu tayında həmin prosesə müqavimət qalası kimi salınmışdı.

Azərbaycan milli varlığını hərbi-siya­si baxımdan qoruyub yaşadan mərkəz olaraq Qarabağ xanlığı bu şəhərdə möh­kəmlənib türk ruhunu bayraq kimi yük­səltmişdi. Qarabağ xanının vəziri, milli ruhumuzun poetik tərcümanı olmuş şair Molla Pənah Vaqif bu tarixi özünü qo­rumanın mənəvi atası olmuşdu. Bütün bunlara görə o vaxtdan Şuşa türk ruhu­nun həmişəyaşarlığının rəmzinə çevril­miş, bizim günlərdə də milli və ümumtürk mədəniyyətinin rəmzi paytaxtı statusu qazanmışdır. Şair və dövlət xadimi Vaqif isə azərbaycançı məfkurənin ilkin daşıyı­cılarından biri olaraq xalqımızın qəlbində əbədi ehtiram və ölməzlik qazanmışdır.

Düşmən qüvvələr min bir hiylə və xəyanətlə Qarabağı erməni millətçi-bölü­cülərinin murdar pəncəsinə təslim etdiyi 30 ildə Suşa bu itkinin ən qiymətli sərvəti, Vaqif isə ruhu ən çox incidilən tarixi sima­larımızdan biri olmuşdu. Nəhayət, 2020-ci il noyabrın 8-də müqəddəs Vətən mühari­bəsində Şuşa müstəsna bir qəhrəmanlıq­la azad olundu və Qəlbəmizin zirvəsi kimi milli varlığımıza qaytarıldı. O gün Azər­baycanda Zəfər Günü kimi rəsmiləşdi. 

2021-ci ildə Şuşa “Azərbaycanın mə­dəniyyət paytaxtı” elan edildi. Şuşalı gün­lərimizdə milli özünəqayıdış addımları olaraq düşünülmüş və təntənə ilə gerçək­ləşdirilmiş “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri ilk tədbirlər kimi bərpa olundu. 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edildi. 2023-cü ildə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” oldu. Bu il isə ICESCO ruhumuzun qibləsini 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçdi. 

İyulun əvvəllərində Şuşada siyasət­çilər toplaşmış, Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə gö­rüşü keçirilmiş, “Qarabağ bəyannaməsi” imzalanmışdı. İndi isə söz adamları – şa­irlər burada bədii bəyannamələrini elan edir – növbəti sənət “Qarabağnamə”ləri yazır, milli kimliyimizi vəsf edir, bu kimlik uğrunda mübarizə aparmış ölməz Vaqifin ruhunu şad edirlər...

Srağagün Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında avtobuslara minib Şuşaya yol aldıq. Növbəti Vaqif Poeziya Günlərinə gedirdik. Səfər yoldaşlarımızın hamısının üzü gülürdü. Böyük Zəfərdən sonra bir neçə dəfə Şuşada olan həm­karlarımız da elə bizim qədər fərəhli idilər. Onlardan biri dedi ki, Şuşaya hər səfər adama bir ilk təsiri bağışlayır. Bu, dağların tacı olan şəhərin özünəməxsus cazibəsi ilə bağlıdır. Şuşanın yolları adamı yormur. 5–6 saatlıq yolda, doğrudan da, yorul­dum deyən olmadı. 

Ata yurdum Yardımlı Şuşadan uzaq olsa da, dağları, qayaları ilə buralara çox bənzəyir. Buna görə də ucalıqlara elə də heyrətlənmədim, amma çox doğma gəl­di mənə. Ana yurdum Laçın isə bura çox yaxındır. Necə deyərlər, əl uzatsan, çatar. Cümhuriyyətimizin qurucularından biri, ilk hərbi nazirimiz, Qarabağın general-quber­natoru, laçınlı Xosrov bəyin qardaşı Sultan bəy Şuşa qəza məktəbində oxuyub. Böyü­yəndən sonra mərd igid kimi tanınıb. 

Onun başçılıq etdiyi silahlı polis dəstələrinin bölgədəki müsəlman kənd­lərinin qorunmasında misilsiz xidmətləri olub, Zabux dərəsində mühasirəyə alınan Andranikin dəstəsinin əsas hissəsi məhv edilib. Sən demə, Sultan bəyin şairliyi də varmış. Mühacirət edəndə “Qarapalçıq” adlanan dağın zirvəsinə qalxıb, oradan Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edərək, bayatı çağırıb: 

Mən aşiq dolan gözüm,

Dol gözüm, dolan gözüm.

Gedərsən qayıtmazsan,

Vətəni dolan gözüm.

Bax, bu duyğu və düşüncələrlə Şu­şanı daha ürəkli gəzirəm, qəti nabələd­lik hiss etmirəm. Şairlər Rafiq Yusifoğlu, Ramiz Qusarçaylı, Faiq Balabəyli ilə Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün abidələri önündə, qala qarşısında şəkil çəkdirirəm. Hər biri Şuşanın vəsfinə, sev­giyə dair gözəl şeirlər səsləndirir. Çağdaş klassiklərimizlə bağlı maraqlı əhvalatlar danışırlar. Başdan-başa şeir-sənət aura­sına bələnirik. 

2021-ci il avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin mərasimdə iştirak ediblər. O gün Şuşa şəhərində Molla Pənah Vaqifin büstü də layiqli yerini tutub. 

Əsl cənnət guşəsi olan Şuşa artıq 4 ildir ki, özünün çox mübarək günlərini yaşayır. Şuşa azad ediləndə “Xalq qəze­ti”nə yazdığım “Səndə vardır özgə lətafət, Şuşa!” adlı məqaləmdə zəfər qanadlı hiss və həyəcanlarımı belə qələmə almış­dım: “Düz 28 il 6 aylıq ayrılıqdan sonra, nəhayət, Qarabağımız alındı, bu qədim mahalın ürəyi, ruhumuzun paytaxtı Şuşa işğaldan azad olundu. Milli heysiyyətimi­zin zədəsi getdi, qürurumuz bəraətini qa­zandı. Qələbə fişənglərindən gözümüzə işıq gəldi, belimizi dikəldib, ulduz-ulduz yanan yurd sevdasıyla yenə də bağrıba­daş olduq. Ruhumuz pərvaz elədi seyrinə həsrət qaldığımız Şuşamızın göylərində!”

Fikir verin, Şuşaya Azərbaycanın dövlət bayrağı məhz 9 Noyabr Dövlət Bayrağı Gü­nünün astanasında sancıldı. Bu da xüsusi rəmzi məna daşıyır. 1992-ci ildə Xocalıda Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yer­ləşən Alban kilsəsi uğrunda 5 gün ac-susuz qalaraq təkbaşına döyüşən qəhrəman Na­tiq Qasımov (bu yaxınlarda hünər və qeyrə­ti Milli Qəhrəman adı ilə rəsmiləşdi) ölümə məhz bu gözəl bayrağa sarılaraq getmişdi. Ondan da neçə il qabaq unudulmaz şairi­miz Fikrət Sadıq demişdi:

Döyüşdə ölmədim deyəm, 

Bayrağı örtün üstümə.

Üstündə son misram donmuş

Varağı örtün üstümə…

Bu sətirlərin müəllifi isə “Şuşanı gör­mədim gözümdolusu” adlı şeirində təəs­süflə yazmışdı:

Vaqifin məzarı qənimim olsun,

Şuşanın dağları taxtım olmadı...

İndi, budur, Zəfər yolu ilə Şuşaya gəlmişəm, Vaqifin yaşamış olduğu Saat­lı məhəlləsini gəzir, məqbərəsini ziyarət edirəm. Təzə şeirimi oxuyuram: 

Şuşa anam kimidi – çöhrəsi nurlu anam,

Oğlunun hünərindən şəstli, qürurlu anam.

Bulağından su içib süd kimi, zəm-zəm kimi,

Əzəmətli oluram mən sədri-əzəm kimi.

Şeirlə bildirirəm Şuşaya heyrətimi,

Vaqif babam bağışlar yəqin bu cürətimi...

Bəli, Şuşa əbədilik alındı. Özü də nə qırıcı təyyarələrin, nə PUA-ların, nə də tank-top mərmilərinin vasitəsilə. Qarabağı­mızın göz bəbəyi olan özəl və gözəl şəhə­rin olub-qalan tarixi binaları, abidələri ziyan çəkməsin deyə, xüsusi təyinatlı cəngavər­lərimiz yağışın isladıb şüşə kimi sürüşkən elədiyi dimdik qayalara əliyalın dırmaşa­raq, yıxıla-dura Şuşaya qalxdılar, şəhərə girərək əlbəyaxa döyüşlərlə onu ələ keçir­dilər. Bu, qəhrəmanlığın zirvə həddi idi! 

Səfərin ertəsi günü – iyulun 18-də hə­min bu müqəddəs məkana şairlər topla­şırlar, ənənəvi poeziya bayramı rəsmən açıq elan olunur. Mərasimdə dövlət və hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, AYB üzvləri, gənc yazarlar və ilk dəfə olaraq, yerli sakinlər də iştirak edirlər. İlk çıxış edən AYB-nin 1-ci katibi, Xalq yazıçısı Çingiz Abdulla­yev xüsusi vurğulayır ki, Vaqif Poeziya Günləri ilk dəfə Azərbaycanın ərazi bütöv­lüyü tam bərpa olunan bir şəraitdə keçiri­lir. Bu il, həmçinin dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin 530, AYB-nin 90 illik yubileyləridir.”İslam dünyasının mə­dəniyyət paytaxtı” bu yubileyləri də süs­ləndirir. 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Vaqifin yaradıcılığından söz açır. Onu Azərbaycanda erkən realizm ədəbi cərəyanının yaradıcısı kimi sə­ciyyələndirir. Deyir ki, ulu öndər Heydər Əliyevin səyləri ilə Şuşada şairin məq­bərəsinin ucaldılması Qarabağa Azərbay­can möhürünün vurulmasıdır. Bu bayram İlham Əliyev epoxasının qalibiyyət dərslə­rindəndir. Eyni zamanda, 90 illiyin böyük hesabatıdır.

Xalq yazıçısı Elmira Axundova haqqında dəyərli kitablar yazdığı Ümum­milli liderlə bağlı xatirələrini söyləyir. Deyir ki, dahi şəxsiyyət yeniyetmə vaxtı Naxçı­vanda Miribrahim Həmzəyevin dram dər­nəyində “Vaqif” dramında əsas rollardan birini oynayıb. 1982-ci ildə isə Şuşada Vaqifin məqbərəsini ucaldıb və bundan bir neçə ay sonra Vaqif Poeziya Günlə­rinin binasını qoyub. Ənənəni davam et­dirən Prezident İlham Əliyevə minnətdar­lıq duyğularını ifadə edir.

Sonra 6-cı çağırış Milli Məclisin Mə­dəniyyət komitəsinin sədri Fazil Mustafa diqqəti məqbərənin sağ tərəfindəki tarixi foto-xronikaya cəlb edərək deyir ki, baxın, qarlı bir gündə Heydər Əliyev açılışda çıxış edir. Çiyinlərə yağan gözəl qar sanki xeyir-dua verir məqbərənin açılmasına. Şuşa Azərbaycanın simvoluna çevrilən bir məkan olaraq təsdiqlənir. Amma 10 il sonra “erməni separatizmi” adlanan qar uçqunu bu məqbərə də daxil olmaqla, Şu­şanı, Qarabağı sardı. Bir də 28 ildən son­ra əzəli torpaqlarımız həmin “uçqun”dan təmizləndi. Qar altında qalan dəyərlərimiz yenidən canlandırıldı. Ali Baş Komandan, rəşadətli ordumuz, mərd xalqımız əldən çıxmış əraziləri azad elədi. Döyüşən şeiri­miz də bizi daim Zəfərə kökləyib.

Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin katibi, şair-tərcüməçi Səlim Babulla­oğlu və qurumun Qazax bölməsinin sədri Barat Vüsal Şuşanın bənzərsizliyindən, beynəlxalq tədbirlərin ünvanına çevrilmə­sindən danışır, şeirlərini oxuyurlar. Söh­bətlərdə, çıxışlarda Ulu öndərin ədəbiyya­tımıza, mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan dönə-dönə bəhs olunur, bu gün də belə gözəl ənənənin onun layiqli davamçısı – ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliye­va tərəfindən davam etdiyi xüsusi olaraq vurğulanır. 

Bədii hissədə Əməkdar artistlər Azad Şükürovla Nazir Rüstəmin ifasında Fü­zuli və Vaqifin poetik dueti təqdim edilir. Əməkdar artist Nigar Şabanova, solistlər Abgül Mirzəliyev, İlkin Dövlətov, Leyla Rə­himli və başqaları maraqlı proqramla çıxış edirlər. “Qarabağ kompozisiyası”, “Şuşa­nın dağları”, “Bura Vətəndir” sədaları dal­ğa-dalğa ətrafa yayılır.

…Ümummilli lider Heydər Əliyevin bizim üçün məxsusi bir şəhər olduğunu dəfələrlə vurğuladığı Şuşanı gəzə-gəzə yada salırıq ki, 55 il əvvəlin elə bu günlə­rində – 1969-cu il iyulun 14-də Azərbay­cana rəhbər seçiləndən sonra Ulu öndər Şuşanı abadlaşdırmaq, dağıdılıb yandı­rılmış evlərin bərpasına nail olmaq, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağ­lıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu niyyətlərinin qarşısı qətiyyətlə alınmışdır.

Ulu öndərin hakimiyyətdə olduğu 2-ci dönəmdə isə söylədiyi bir məşhur kəlam var: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Prezi­dent İlham Əliyev isə “Qarabağ Ermənis­tandır, nöqtə” söyləyən Nikol Paşinyana “Qarabağ Azərbaycandır, nida” deyərək qəti cavab verdi və bunu sözdə yox, məhz əməldə göstərməyə nail oldu. 

Şəhid qanları ilə suvarılmış torpaqları­mızın hər qarışı müqəddəsdir. Buna görə də genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Gəzdiyimiz eniş-yoxuşlu küçələr bizə olduqca hamar təsir bağışlayır. Baş plana əsasən görülən işlər lap tezliklə Şuşanın potensial imkanlarını tam bər­pa edəcək. İnfrastruktur layihələri, şəhər planlanması və yenidənqurmanın digər mühüm elementləri sürət və keyfiyyətlə icra olunur. Bütün tədbirlər tarixlə çağdaş­lığın vəhdəti üzərində qurulub. 

Hər tədbirdən sonra Şuşanın təmiz havası ilə nəfəs almağa can atırıq. Xəyal­lara dalırıq, xatirələrə baş vururuq. 

...Mən uşaq olanda belə bir yay günü ilk dəfə Şuşadan keçib Laçına getmişik. Çörək yediyimiz bir kafenin divarına Zey­nəb Xanlarovanın iri portreti vurulmuşdu. Oxumasa da, sanki səsini eşidirdim. Yada salıram ki, düz 2 ay əvvəl Zeynəb xanım Şuşada “Xarıbülbül” festivalında dillər əz­bəri olan “Yaşa, Azərbaycan!” mahnısını ifa edəndə, “Sən mənimsən, Qarabağ!” – deyəndə elə bildim ki, həmin gözəl port­retdir cana gəlib dillənən. 

AYB-nin katibi İlqar Fəhmi jurnalist­lərə müsahibəsində deyir:

– Qala-şəhərimizdə təşkil olunan bu və digər tədbirlər çox möhtəşəm keçir. Builki Vaqif Poeziya Günləri də olduqca zəngin, çoxşaxəli formada təşkil olu­nub. Artıq bərpadan sonra 4-cü dəfədir ki, Vaqif poeziya bayramı keçirilir. Builki tədbir həm də Azərbaycan Yazıçılar Bir­liyinin yaranmasının 90 illik yubileyi ilə üst-üstə düşür. Bundan əlavə, 2024-cü il üçün Şuşa “İslam dünyasının mədəniy­yət paytaxtı” elan olunub. Bu səbəbdən Azərbaycan xalqının klassik İslam mə­dəniyyətinə, elminə, ədəbiyyatına verdiyi böyük töhfələri əks etdirən ədəbi-bədii kompozisiyalar da tədbir çərçivəsində təqdim olunur. Həmçinin bu il dahi şairi­miz Məhəmməd Füzulinin 530 illiyi döv­lətimizin başçısının müvafiq sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunur. Belə bir yaddaqalan tarixi hadisələrin fonunda keçirilən Vaqif Poeziya Günləri olduqca əlamətdardır.

Ünlü qələm sahibləri – Xalq şairi Vahid Əziz, Seyran Səxavət, Vaqif Bəhmənli, Rafiq Yusifoğlu, Əli Əmirli, Pərvin, Xəyal Rza, Rafiq Həşimov, Qəşəm Nəcəfzadə, Rafael Tağızadə, İntiqam Yaşar, Polad İbrahimoğlu, Avdı Qoşqar, Faiq Balabəyli, Maarif Soltan ədəbiyyat, Vaqif poeziya­sının özəllikləri, sənətdə Şuşa əzəməti mövzularında çox maraqlı söhbətlər edir, şeirlər oxuyurlar. Sözün qədrini bilib dəyər­ləndirən Əməkdar artistlər Ağalar Bayra­mov və Nazir Rüstəm danışdıqca sənət yanğılarına heyran qalmamaq olmur. 

AYB-nin poeziya seksiyasının rəhbəri, şair İbrahim İlyaslının da ürəyi doludur. O, deyir: 

– Şuşa nisgilli şair mərhum Akif Səməd bir zaman yazırdı:

Türk olmaq günahmı oldu?

Günahkar segahmı oldu?

Təbrizdən uzaqmı oldu?

Şuşaya gedə bilmirəm.

Akifin ruhu qarşısında utana-utana deyim ki, bu, mənim Şuşaya artıq 4-cü səfərimdir. Ona qismət olmadı, mənə oldu. Qələbədən sonrakı bütün Vaqif Poeziya günlərində təşkilatçı kimi iştirak etmişəm. Hər dəfəsində də görürəm ki, hərənin gözündən öz Şuşası boylanır. İnişil “Xalq Qəzeti”ndə çap olunmuş “Şu­şaya Zəfər Yolu ilə gedəcəyik” başlıqlı məqaləmi, orada qələmə aldığım arzu və istəklərimi xatırlayıram. Bizə bu yolu yara­dan Uca Tanrıya şükranlığımızla bərabər, bu yolu yol eləyən qəhrəman şəhidlərimi­zin ruhlarına dualar oxuyur, qazilərimizə sağlıq diləyir, Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk. 

Yeri gəlmişkən xatırladaq ki, bir müd­dət öncə Vaqif Poeziya Günləri haqqında “Bütün yollar Şuşaya aparır” kitabı nəşr edilib. Topluda 2021-ci ilin avqustunda Şuşada Heydər Əliyev Fondu tərəfindən yenidən keçirilən Vaqif Poeziya Günləri­nin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etmələri qeyd olunub, eləcə də poeziya bayramındakı çıxışlar, oxunan şeirlər, həmin günlər barədə yazılan məqalələr, reportajlar, poetik təəssüratlar topla­nıb. Gecə sonsuz Şuşa sevincimə görə yuxum gəlmədiyi üçün həmin kitabı xeyli vərəqlədim. Yenicə çapdan çıxmış “AYB 90. Milli ədəbi-bədii, ictimai-siyasi təfək­kür” kitabı da öz sanbalı ilə düşüncələrimi xeyli məşğul elədi. 

Yüksək səviyyədə keçən “Sözün Vətəni – Qarabağ” adlı müasir poeziya saatında daha bir maraqlı həmsöhbət­lə tanış oluram. Güneyli qələm sahibi, əslən urmiyalı, eyni zamanda, iş adamı Mehir xanım Akpolad aşıb-daşan duy­ğularını sözə belə çevirir:

– Amerikadan belə hər yanı gəz­mişəm. Qürbətdə olanda 50 milyonluq xalqıma, otaylı-butaylı Azərbaycanıma daha möhkəm vurulmuşam. Burada isə özümü, necə deyərlər, suda balıq kimi hiss edirəm. Çünki bu yerlərin, bu adam­ların izaholunmaz bir qançəkərliyi var. Şi­rindilli Vaqif poeziyası ilə daha yaxından tanış olmağımdan da çox məmnunam. 

Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilir. Şuşa gözlər önündə daha da məğrurlaşır, başını daha da dik tutur. Bura­dakı bayraqlar da, sanki, gülümsəyir, ipəyin, qumaşın arasındakı meh də sehirlənirdi. 

Vaqif poeziya təntənəsinin davamında Xan qızı, şairə Natəvanın evinin qarşısın­da ölməz Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan “Füzuli hücrələri” adlı teatral kompozisiya təqdim edilir. Şairin “Bən­gü-badə”, “Leyli və Məcnun”, “Səhhət və mərəz”, “Rlndü Zahid” və s. əsərlərindən parçalar təqdim olunur. Qonaqların böyük marağına səbəb olan kompozisiyanın qu­ruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Şuşa Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri istedadlarını məharətlə sərgiləyirlər. 

Növbəti gün hamılıqla deyə-gülə Cı­dır düzünə qalxırıq. Bura nəhəng təntənə səhnəsi, el şənliyi meydanı, Şuşanın dün­yaya açılan eyvanı da demək olar. Vaxtilə burada cıdır yarışları təşkil edilib, pəhlə­vanlar güləşiblər, qoç döyüşləri olub. Bu xəyallarda ola-ola yadıma xalq yaradıcılı­ğından misralar düşür:

Dəmirçilər dəmir döyər dəng ilə,

Qoç igidlər özün öyər cəng ilə. 

Bizə aid olanı isə budur ki, Mir Möv­süm Nəvvab Cıdır düzünə yaxın “Ağzı­yastı kaha” adlanan mağarada “Məcli­si-Fəramuşan”ın məclislərini keçirib. Elə bizim Vaqif Poeziya Günlərimiz də bir növ o məclisin varisanə davamıdır. 

Başqa bir təqdimatda etno-caz mu­siqiləri səsləndirilir.

Gecə düşüncə Şuşa yenidən cilvələn­məyə başlayır. Bu fonda çay süfrəsi arxa­sında söhbətlərimiz uzandıqca uzanır... 

Poeziya bayramının son günü olan iyulun 19-u “Məhəmməd Füzuli. Zamanın fövqündə” mövzusunda konfransın təşki­li, eləcə də “AYB-90” silsiləsindən “Sözün repressiyası” sənədli filminin nümayişi nəzərdə tutulur. Günortadan sonra isə “Vaqiflə səyahət” bədii-musiqili tamaşa­sı göstəriləcək. Bayramın son akkordları Vaqif Poeziya Günlərinin təəssüratını daha da zənginləşdirəcək. 

Əli NƏCƏFXANLI
XQ

Şuşa

 











Mədəniyyət