Türk Dövlətləri Təşkilatının (TDT) Quba şəhərində keçirilən iclasında TDT-yə üzv və müşahidəçi dövlətlərin Rəqəmsal Aqro Data Platformasının yaradılması ilə bağlı qərar qəbul edilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tədbirdə çıxış edən nazirliyin aparat rəhbəri Azad Cəfərli Rəqəmsal Aqro Data Platformasının yaradılmasında əsas məqsədləri açıqlayıb. O bildirib ki, burada əsas məqsəd, ilk növbədə, üzv və müşahidəçi dövlətlər arasında vahid ticarət şəbəkəsinin yaradılması, data əsaslı təhlilin aparılması, kənd təsərrüfatı məhsullarının ixrac-idxal potensialının qiymətləndirilməsi, ixracın və idxalın təşviqinin həyata keçirilməsindən ibarətdir.
Rəqəmsal Aqro Data Platformasının yaradılmasını şərtləndirən məqsədlərə aqro statistika mərkəzlərinin fəaliyyətlərinin əlaqələndirilməsi və bu sahədə daimi əsasda fəaliyyət göstərən qurumların mütəxəssislərinin birgə fəaliyyətinin təşkil edilməsi, mübadilənin həyata keçirilməsi, hesabatların hazırlanması, aqrar sahədə mövcud potensialın ölçülməsi, eləcə də digər əlaqəli fəaliyyətlərin bir mərkəzdən idarəolunması və icrasının reallaşdırılması kimi məsələlər də daxildir.
Aparat rəhbəri qeyd edib ki, türk dövlətləri bu gün dünya miqyasında böyük nüfuza və iqtisadi gücə malikdir. Son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı, habelə kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsində artımlar müşahidə olunur.
TDT ölkələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edən A. Cəfərli vurğulayıb ki, təşkilatın Rəqəmsal Aqro Data Platformasının yaradılması kənd təsərrüfatı və ərzaq məhsulları sahəsində məlumat mübadiləsinin, həmçinin ticarət əlaqələrinin gücləndirilməsinə hədəflənib.
İclasda TDT-yə üzv və müşahidəçi dövlətlərin aidiyyəti qurumlarının məsul şəxsləri və özəl sektor nümayəndələri tərəfindən təqdimatlar keçirilərək TDT Rəqəmsal Aqro Data Platformasının yaradılması istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları və mövcud nəqliyyat infrastruktur layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının kənd təsərrüfatı nazirliklərinin səlahiyyətli nümayəndələri və aidiyyəti qurumların ekspertləri iştirak ediblər.
Yeri gəlmişkən, TDT qlobal kənd təsərrüfatı torpaq ehtiyatlarında 6,1 faiz, o cümlədən əkin sahələrində 3,9 faiz, kənd təsərrüfatı məhsullarının qlobal istehsalında 2,2 faiz, kənd təsərrüfatı və emal məhsullarının ixracında isə 2 faiz paya malikdir. Qurum iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanlarını daim diqqətdə saxlayır.
Şübhəsiz ki, Azərbaycan da bu məsələyə hər zaman həssaslıqla yanaşır, türk dövlətlərinin vahid rəqəmsal “aqro-data” platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı təklifləri təşkilata üzv ölkələrə təqdim edir və bu istiqamətdə layihələrin reallaşdırılmasına ciddi töhfələr verir. TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsində isə qarşıya qoyulan vəzifələr sadalanır, qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi kimi məsələlərin həlli zəruriliyi vurğulanır.
Mövzu ilə bağlı onu da deyək ki, son illərdə TDT-yə üzv və müşahidəçi dövlətlər arasında vahid ticarət şəbəkəsinin yaradılmasına, data əsaslı təhlilin aparılmasına müsbət təsir göstərən bir sıra layihələr reallaşdırılıb. Məsələn, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Başqa sözlə, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib, nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma nail olunması reallaşıb.