İrəvan nəyə ümid bəsləyir?
Kommunist ideologiyasının liderləri belə qlobal çağırışlar edirdilər: “Bütün dünyanın proletarları birləşin!” İndi Ermənistan hakimiyyəti və onun xaricdəki havadarları, habelə dünya erməniləri də həmin yolu tutmuşlar: Bütün dünya erməniləri birləşin! Məqsəd aydındır: – Cənubi Qafqazda sülh gündəmini dəyişdirmək, reallıqlara meydan oxumaq və beləliklə ümumən regionda barış mühitinin formalaşmasının qarşısını almaq.
Bəs Ermənistan hakimiyyətinin və xaricdəki ermənipərəstlərin dedikləri nədir? Onlar əsasən iki məqam üzərində dayanırlar. Birincisi, 2023-cü ilin sentyabrından sonra bölgəni tərk etmiş Qarabağ ermənilərinin geri qayıtmaları, ikincisi, Bakıda həbsxana həyatı yaşayan Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərinin və başqa hərbi cinayətkarların, qeyri-müharibə şəraitində Azərbaycan ərazisində kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirənlərin azad edilməsi.
Qeyd etdiyimiz məsələlərlə bağlı ətraflı söz açmazdan əvvəl bir məqama aydınlıq gətirək. Məlumdur ki, Ermənistan iqtidarı və havadarları 2020-ci ildən, yəni 44 günlük müharibə başa çatandan sonra sülhdən yayınmaq üçün çeşidli manipulyasiyalara baş vurublar. Ancaq onların bütün cəhdləri uğursuz olub. Qarabağda separatçı rejimi saxlamaq istəkləri iflasa uğrayıb. Habelə, Qarabağ ermənilərinə beynəlxalq təminat məsələsi də puça çıxıb. Yəni, Ermənistan hazırda real kimi görünən sülhə doğru heç də öz xoşuna gəlməyib. Buna görə də əlinə düşən ilk fürsətdən istifadə edib sühdən yayınmağa çalışır. Fürsət isə Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə evsahibliyini gerçəkləşdirməsidir.
Bəli, rəsmi İrəvan və ermənipərəst dairələr əvvəllər sülh gündəmi ilə ziddiyyət təşkil edən və Bakı tərəfindən əsla qəbul edilməyən məsələləri, yəni haqqında söz açdığımız Qarabağ ermənilərinin geri qayıdışı və faktiki cinayətkar olan hərbi əsir və girovların azadlığa buraxılması ilə bağlı məsələni ona görə qaldırırlar ki, COP29 mühitində Azərbaycanın adekvat cavab tədbirləri görməyəcəyini düşünürlər. Tədbirdən istifadə edib ölkəmizdən güzəşt qoparmağa çalışırlar. Daha doğrusu, buna müyəssər olacaqlarına inanırlar. Ona görə də sərsəmləməklə məşğuldurlar.
Sərsəmləyənlər çoxdur. Onlardan biri də Ermənistanın ombudsmanı Anahit Manasyandır. O, “Armenpress”ə bildirib ki, Azərbaycanda saxlanılan erməni məhbuslar məsələsi, guya, təkcə Ermənistanın və ya ermənilərin deyil, bütün dünyanın problemidir. Necə? O anlamda ki, Manasyanın fikrincə, dünyanın bir hissəsində təhlükəsizliyin təmin edilməməsi, bütün dünyada təhlükəsizliyə dair müxtəlif təsəvvürlərə səbəb olan fundamental hüquqlarla bağlı məsələdir.
Manasyan əmin edir ki, daim beynəlxalq təşkilatlarda erməni əsirlərin qaytarılması və onların hüquqlarının pozulması məsələsini qaldırır: “Demək olar, bütün beynəlxalq təşkilatlarla ünsiyyətimin bir hissəsi kimi, mən mütəmadi olaraq, nəinki bu məsələni qaldırıram, həm də hüquqların pozulmasının aydın təhlili ilə bir sıra hallarda beynəlxalq tərəfdaşlara konkret hüquq pozuntularını, məsələn, videoçarxları təqdim edirəm. Azərbaycanın müxtəlif telekanallarında erməni məhbusların iştirakı, eləcə də Azərbaycanda etnik ermənilərə qarşı məhkəmələrin qərəzi ilə bağlı narahatlıqlar var”. Erməni ombudsman bu kimi məsələlərin düzgün və operativ şəkildə həllini tapacağına ümidvar olduğunu bildirib. Çünki onun fikrincə, problem bütün sivil dünyanı narahat edirmiş.
Minosyanın sivil dünyası kimlərdir, hansı qüvvələrdən ibarətdir? Bu barədə nə isə demək mümkün deyil. Ancaq məsələ ondadır ki, ombudsmanın söylədiklərini başqa erməni rəsmiləri də gündəmə gətiriblər. Məsələn, Ermənistan istintaq komitəsinin rəhbəri Argişti Karamyan bu il yanvarın 5-də bildirmişdi ki, Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağa hücumdan sonra 23 ermənini, guya, əsir götürüb. Əlbəttə, o, həmin 23 nəfərlik sayın içərisində keçmiş separatçı rejimin liderlərini də nəzərdə tutub. Fevralın 7-də isə Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışında demişdi ki, erməni əsirlərin qaytarılması məsələsi İrəvanın gündəmindədir və Ermənistan tərəfi bunu Bakı ilə danışıqlarda qaldırır.
Əlbəttə, istər Paşinyan, istərsə də Karamyan erməni əsirlərin və girovların qaytarılması cəfəngiyyatından söz açanda, məsələ indiki şəkildə qabardılmırdı. Yəni, mövzuya ümumi şəkildə toxunulurdu və sülh gündəminin prioriteti sayılmırdı. Əvvəldə də bildirdiyimiz kimi, hazırda vəziyyət fərqlidir. İstər bu məsələni, istərsə də Qarabağ ermənilərinin geri qaytarılmasını sülh gündəminin tərkib hissəsi kimi göstərməyə çalışanlar aktivləşiblər. Məsələn, hazırda ikinci məsələni ümumən Ermənistanın təhlükəsizliyi kontekstində görənlər də meydana atılıblar. Sən demə, Qarabağ erməniləri evlərinə qayıtmasalar, bu, Ermənistanın təhlükəsizliyinə xələl gətirəcəkmiş. Ermənistanın sabiq rəhbərliyi də eynilə beləcə düşünürdü. Yəni, hesab edirdi ki, Qarabağ məsələsində kompromis, daha doğrusu, ədalətli davranmaq ölkənin təhlükəsizliyini təhdid altına alacaq. Bir halda ki, hazırda Ermənistan rəhbərliyində təmsil olunanlar barəsində danışdığımız ritorikanın əl-ayaq açmasına imkan verirlər, deməli, onlar da ekslərlə eyni ağıldadırlar. Belə düşüncənin, ümumən sülh mühitinin olmamasının, real danışıqlar müstəvisindən yayınmanın Ermənistan üçün necə fəsadlar yaratdığı isə hər kəsə yaxşı məlumdur.
Ə.RÜSTƏMOV
XQ