Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı çərçivəsində, Fələstin, Fransa, Belçika və Qətərin birgə istehsalı olan fransız-fələstin və əlcəzairli kinorejissor və aktrisa Lina Sualemin “Hələlik, Tiberiya” filmi nümayiş olundu.
Ekran işində Hiyam Abbasın aktrisa olmaq arzusunun arxasınca gedərək özünü, anasını, nənəsini və yeddi bacısını tərk etməsi səhnəsi poetik və sənədli bir dillə göstərilir. Otuz il sonra onun kinorejissor qızı Lina cəsarətli Fələstin qadınlarının unudulmaz xatirələri arasında itmiş yerləri gəzmək üçün anası ilə birlikdə kəndə qayıdır.
“Hələlik, Tiberiya” filmi dünya kinofestivallarından onlarla mükafat almış və 2024-cü ildə “Oskar” mükafatına təqdim edilmişdir.
Nümayişdən sonra festivalın qonağı olan filmin ssenaristi Nadin Naosla birgə “Hələlik, Tiberiya” filmi və “Fələstin kinosu” haqqında müzakirə baş tutdu.
N. Naos gələn qonaqlara müasir Fələstin filminin ümumi mənzərəsi və spesifik detallarından bəhs etdi.
Qeyd edək ki, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının V mövsümü 5-12 iyul tarixlərində eyni anda Bakı, Şəki, Lənkəran və Şabran şəhərlərində keçirilir.
Festival boyunca bir birindən maraqlı sənədli film nümayişləri, xarici qonaq mütəxəssislərin icra etdiyi və edəcəyi müxtəlif növ masterklaslar yer alır.