Yumurta qabığı ilə möcüzələr yaradan sənətkar

post-img

   64 yaşlı rəssam Rza Yaman yumurta qabıqlarını heyrətamiz sənət əsərlərinə çevirir. 2004-cü ildə tekstil sənayesindən təqaüdə çıxdıqdan sonra R.Yaman Konyadan Muğla vilayətinin Fəthiyə rayonuna köçüb. Orada, yumurta qabığı üzərində oyma, xəttatlıq və ağac üzərində oyma sənətlərinə dərindən yiyələnib. Sonra, bu bacarıqları birləşdirərək yumurta qabıqlarını unikal bədii sənət nümunəsinə çevirib. Rəssam, mürəkkəb oyma prosesinə başlamazdan əvvəl yumurtaların içərisini şpris vasitəsilə boşaldır, daxili pərdəsini çıxarıb, onları qurudur. 

Sənəti barədə Anadolu Agentliyinə (AA) danışan Rza Yaman əsasən qaz yumurtası ilə işlədiyini, həmçinin toyuq, ördək və bildirçin yumurtalarından da istifadə etdiyini bildirib. Yumurta qabığı oyma sənətinə maraq və heyranlıq duyduğunu  deyən rəssam, həmçinin vurğulayıb: - Sosial media vasitəsilə bu işlə məşğul olan bir neçə şəxslə əlaqə saxlayaraq, gördüyümüz işləri şəxsi səhifələrimizdə paylaşırıq. İkinci sənətim  isə "naht" adlanan lələk növü ilə ağac oymaqdır. Mən dünyada bu iki sənəti birləşdirən yeganə usta sayılıram. Çox şadam ki, əsərlərim dünya səviyyəsində də qiymətləndirilir.

   Qeyd edək ki, 2022-ci ildə yumurta qabığı və ağac oyma sənəti sahəsindəki təcrübəsinə görə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən “qeyri-maddi mədəni irsin daşıyıcısı” titulunu alan Rza Yaman bu sənəti gələcək nəsillərə ötürmək üçün milli və beynəlxalq festivallarda  iştirak edir, maraqlananlar üçün pulsuz seminar təlimləri keçirir. Sənətçi bu yaxınlarda Samsun şəhərində keçirilən festivalda da əl işlərini nümayiş etdirərək, onları “sənətin ən kövrək forması” adı ilə iştirakçılara təqdim edib. 

 

Fidan SALMANOVA

XQ

Mədəniyyət