Özbəkistanda Muğam sənəti ilə bağlı keçirilən beynəlxalq konfrans başa çatıb

post-img

UNESCO və İSESKO-nun himayəsi ilə Özbəkistanın Cizzax vilayətinin Zamin şəhərində II Beynəlxalq Muğam Sənəti Forumu çərçivəsində baş tutan “Muğam sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik başa çatıb.

Tədbirdə Özbəkistanla yanaşı Amerika Birləşmiş Ştatları, Azərbaycan, Türkiyə, İngiltərə, Fransa, Rusiya, Kanada, Misir, Tacikistan və digər ölkələrin alimləri iştirak edib, muğam  sənətinin müxtəlif istiqamətləri ilə bağlı məruzələr dinlənilib. 

Konfransda ölkəmizi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının (AMK) prorektoru, professor Lalə Hüseynova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova, AMK-nin professoru Abbasqulu Nəcəfzadə, AMK-nin  müəllim və doktorantı Fərdin Məmmədzadə, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Sehranə Qasimi təmsil ediblər. 

Tədbirin sonuncu günü Lalə Hüseynova və Fərdin Məmmədzadə “Azərbaycan muğam-dəsgahlarında bərdaşt bəlməsi”, Sehranə Qasimi isə “Milli musiqi aspektində Azərbaycan muğamı” mövzularında məruzələr ediblər. 

Konfransda “Şaşmakomun ifa olunmasında ənənə və qaydalar”,”Şaşmakom sistemində Buxara muğam məktəbinin tarixi əhəmiyyəti”,”Özbək muğamlarında Novruz mövzusu”,”Buxara şaşmakomunın tarixindən”,”Özbək və Kəşmir muğamlarının formalaşması məsələləri” və digər mövzularda məruzələr dinlənilib.

Məruzələrdə dünyada muğamın təbliği və populyarlaşması istiqamətində qarşıda duran məsələlələrlə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb. 

Bununla da konfrans öz işini başa çatdırıb. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Cizzax vilayəti, Zamin şəhəri

 



Mədəniyyət