Ölkənin 4 şəhəri zəngin və çoxşaxəli proqramı olan coşğulu festival günlərinə hazırlaşır. Kinosevərləri və sənədli film peşəkarlarını bir araya gətirəcək 5-ci “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevilfest) bu il “Qoy bir kəlmə də mən deyim” şüarı altında keçiriləcək.
İyulun 5-dən 12-dək gerçəkləşəcək festivalın müsabiqə proqramına həm yerli, həm də xarici ölkələrdən sənədli filmlər göndərilib. 33 ölkədən göndərilmiş 87 film arasında seçki komissiyasının müəyyən etdiyi 18 film müsabiqə mərhələsində “Tammetraj sənədli film”, “Beynəlxalq qısametraj sənədli film” və “Yerli qısametraj sənədli film” nominasiyalarında yarışacaq. Qaliblər hər nominasiya üzrə müəyyən edilmiş münsiflər heyəti tərəfindən müəyyən edilərək, festivalın bağlanış tədbirində elan ediləcək.
Festivalın kommunikasiya meneceri Aygül Qurbanova bildirdi ki, builki festivalda, əsasən, qadın rejissorların müəlliflik, birgə rejissorluq etdiyi və ya filmlərdə qadın və gender məsələlərinə toxunulduğu müstəqil filmlər nümayiş olunacaq: “Filmlərin ana mövzusu dünyada və ölkəmizdə var olan gender əsaslı problemlərdir. Ekran əsərlərinin məzmunu qadınlar, təmsil olunmayan qruplar və onların həyatına təsir edən çoxsaylı məsələlərdən ibarətdir. Burada qadınların uğur hekayələri, gender bərabərliyi, qadınların cəmiyyətdəki rolu, məişət zorakılığı və gender kontekstində digər mövzular yaradıcı şəkildə vurğulanır”.
Menecer qeyd etdi ki, bu festival, eyni zamanda, müxtəlifliyə dəyər verir:
– Bu dəyərləri fəaliyyətimizdə əks etdirməyə çalışırıq. Filmlərin nümayişi eyni vaxtda Bakı, Şəki, Lənkəran və Şabran şəhərlərində təşkil olunacaq. “Festivallardan seçmələr” bölməsində Azərbaycan tamaşaçılarına zəngin kinematoqrafiya təcrübəsi təqdim edən məşhur dünya festivallarının laureatları olan filmlər təqdim olunacaq. Həmçinin bir neçə yeni və fərqli bölmələrdə nümayiş ediləcək müsabiqədə kənar yerli və beynəlxalq filmlər izləyicini çoxşaxəli və yaradıcı müzakirəyə sövq edəcək.
Müsahibimiz onu da əlavə etdi ki, festivala kinorejissorlar, tənqidçilər və kino mütəxəssisləri də daxil olmaqla, çoxlu beynəlxalq qonaq gələcək ki, bu da mədəni mübadilə və əməkdaşlıq üçün münbit atmosfer yaradacaq. Nümayişlərdən əlavə, “Sevil” dünyaşöhrətli kino ekspertlərindən ustad dərsləri, müxtəlif mövzularda panel müzakirələri və yerli kinonun inkişafına dəstək məqsədilə ünsiyyət imkanlarını təklif edəcək.
Xatırladaq ki, Azərbaycanda müstəqil sənədli film festivalı olan “Sevilfest” gender əsaslıdır və cəmiyyətdə qadınlar başda olmaqla təmsil olunmayan bütün qrupların problemlərinə həsr olunub.
2020-ci ildən fəaliyyət göstərən kinofestival yerli və beynəlxalq kinematoqrafçılara regional tədbirlərdə iştirak etmək və əhalini sənədli film sənayesi haqqında geniş məlumatlandırmaq imkanı yaradır.
Ceyhun ALIŞLI