Xalq şairi Süleyman Rüstəm ötən əsrin əvvəlində Bakının Novxanı kəndində kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Atasının Akademik Milli Dram teatrının yerində dəmirçixanası vardı. Süleymanın uşaqlığı məhz bu dəmirçixanada keçib, çəkici güclə əlində saxlayaraq atasına kömək edib. İlk nəğmələri zindan-çəkic səsləri olub. Ondan 15 yaş kiçik olan Novruz Gəncəli isə Maştağada dəmirçi ailəsində anadan olub. Süleymangilin dəmirçixanasının yerində ucaldılan teatrda və başqa səhnələrdə hər ikisinin pyesləri, komediyaları tamaşaya qoyulub.
Novruz Gəncəlinin "Odlu ürəklər" adlanan ilk kitabı 22 yaşında işıq üzü görüb. Süleyman Rüstəm kimi, onun da dəmirçi kürəsində körüklənib bişən ürəyi daim sənət eşqi ilə yanıb. Bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orjinal səpgili, dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər təqdim edib. Əsərləri və tərcümələri musiqili komediya, gənc taamaşaçılar teatrlarının səhnəsində, Gəncədə, Sumqayıtda, Ağdamda, Füzulidə oynanılıb. “Düşmənlər içində”, “Şəlalə”, “Ev bizim, sirr bizim”, “Yanmış planetin sərvətləri”, “Niyə dirilmisən?” “Məhəbbət körpüsü”, “Səadət yağış deyil” pyesləri, tərcümə etdiyi “Tribunal” (A.Makayenok), “Qəribə Missis Sevnc” (C.Patrik) uğurlu tamaşalar sırasındadır.
Tanınmış rejissorlar Lütfi Məmmədbəyov, Kərim Həsənov, Vaqif Şərifov, Həsən Ağayev və Yusif Yulduz, Niyaz Şərifov, Heydər Şəmsizadə, Nəsir Sadıqzadə, Valeh Kərimov, Hilal Həsənov, Arif Ağayev onun əsərlərini səhnələşdirməkdən zövq alıblar. Dramaturqun realist əsərləri ötəri, ikinci dərəcəli münaqişələr üstündə yox, ictimai kolliziyalar əsasında pərvəriş tapıb. Ümumi nailiyyətini təmin edən başlıca amil komik kolliziyanın dərin və problematik səciyyəsi olub. Müəllifin komediyalarında mənfi surətlərin təqdimatında karikaturaçılıqdan qaçması, bayağı inkardan uzaqlaşması mühüm cəhət kimi dəyərləndirilir.
Novruz Gəncəlinin “Məhəbbət körpüsü” pyesinə nəzər salarkən bir daha aydın olur ki, komediya janrının inkişafı ilk növbədə ciddi problemlər və ictimai komik münaqişələrin təsviri ilə bağlıdır. Bu cəhətdən pyes təqdirəlayiq bir ədəbi məhsul kimi dəyərləndirilməlidir.
“Səadət yağış deyil” pyesi İkinci Dünya müharibəsi mövzusuna həsr olunub. Əsərdə qəhrəman Vətən oğullarının cəbhədəki igidlikləri, partizan dəstələrinin düşmən arxasındakı əfsanəvi qəhrəmanlıq nümunələrindən inandırıcı dillə danışılır. Əsərin baş qəhrəmanı həmyerlimiz Mirdaməd Seyidovdur. Müəllif pyes boyu cərəyan edən hadisələr fonunda oçerkizmə, sənədliliyə uymamaqla zamanının insanlarının xarakterində nəcib cəhətlər formalaşdırmasını bədii boylarla, inandırıcı şəkildə göstərməyə nail olub.
Uzun müddət musiqili komediya teatrının afişaları tamaşaçıları Şəfiqə Axundovanın “Ev bizim, sirr bizim” musiqili komediyasına baxmağa dəvət edib. Uzun illər repertuarı bəzəyən bu əsərin sayəsində həm bəstəkar musiqili komediya müəllifi kimi tanınıb, həm də... Onu da xatırladaq ki, Azərbaycan Dram Teatrında 60 tamaşa üçün partituranın yaradılmasında da “Ev bizim, sirr bizim”dən istifadə olunub. Komediyada Arif Quliyevin Tofiq, Ofeliya Aslanın Aytəni, ayrı-ayrı vaxtlarda Lütviyyə Səfərovanın və Zemfira Quliyenın oynadıqları Çiçək obrazları mənalı gülüş yaradıb.
Novruz Gəncəli dramaturgiyası, reallıq və həqiqətləri özündə ehtiva etməklə hər zaman aktuallığını qorumaqla maraqla oxunur. Səhnə əsərləri bu gün də müasirdir. Onun yaradıcılığı uzun illər tədqiq olunaraq dramaturgiyamızın Azərbaycan səhnəsinə daha müasir düşüncəli rejissor traktofkası olaraq tərənnüm tapması qədər uğurludur.
Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas-tənqidçi