Mahnı tikili evdirsə, sözlər onun gəci, sementidir. Musiqisi məlahətli, axıcı və şaqraq, sözləri mənalı və dəyərli olmalıdır ki, “çat” verməsin, bəyənilib sevilsin, dillərə düşüb yayılsın. Bunlar qoşa qanad kimidir. Ünlü bəstəkarlar həm də sözün mənasına, dəyərinə, mənəvi yükünə önəm verərək, mahnılarının ölməzliyini təmin ediblər.
Ötənlərin mahnı yaradıcılığında bir önəmli cəhət də məhz peşəkar şairlərin yazdığı mahnı mətnlərindən istifadə olub. Demirik ki, mahnı üçün mətn seçərkən yalnız adlı-sanlı şairlərə müraciət edilməlidir. Ola bilər ki, mətnlərin müəllifi tanınmış şair olmasın, amma sözlərindən dürr tökülməsi, ifa olunan duyğuların müşk-ənbər qoxuması, musiqiyə yatımlı olması vacibdir. Təəssüf ki, indi mahnılar, əsasən, şairsiz, bəzən də bəstəkarsız yaranır, daha doğusu, düzəldilir.
Subyektiv qənaətimizə görə, mahnı janrında çalışan bəstəkar və müğənnilər poeziyanı bilməlidirlər. Yəni ədəbi zövqləri olmalıdır, çoxlu şeir kitabı oxumalıdırlar. Onda hansısa mətni bəyənib seçə və uğurlu nəğməyə çevirə bilərlər. “Balvanka”ya söz pərçimləməyə də ehtiyac qalmaz. Deyəcəksiniz, nə qoyub, nə axtarırsan? İxtisasca filoloq olan İlhamə Quliyevanı, Baloğlan Əşrəfovu indi hardan tapaq?
NADO adlanan bir qrupun mahnısının sözləri adamı lap ağladır: “Hər bir göz yaşının damlasının axmasına səbəbkar mənəm. İlk öncə Allahın, sonra da sənin qarşında mən günahkaram”. – Əndrəbadi SMS cümlələrinə oxşayır. Bir deyən də yoxdur ki, “Ay NADO, mojet ne nado...”
Ramal İsrafilov potensiallı müğənnidir. Amma o da hərdən, necə deyərlər, ucundan tutub ucuzluğa gedir:
Zamanımı alma, gedişimi alma (?),
Biletini alma, qatarlar getdi, ama getdi, axtarma... (?)
Gecələri sənsizlikdən inan tək (?) ağlayıram.
Qoçaq Əsgərovun ifasında “Barama” xalq mahnısına fikir verək:
Bərəyə bax, bərəyə,
Neyçün baxdın bərəyə?
Əşi, sən dedin, mən də baxdım da...Göründüyü kimi, aşkar təhrifə yol verilib. Qoçaqsa yenə səhv oxuyur:
Özüm özünə qurban,
Gözlərin gözlərimə...
– Əlbəttə, “Gözlərim gözlərinə” oxunmalıdır.
Teyyub Aslanov:
Bu nə sirdi, düşdüm, ana,
Eşq oduna düşdüm, ana!
Şeirdirsə, qafiyəsi hanı? “Eşq oduna bişdim, ana” – desə, yaxşı olmazmı?
Mərhum Ramiz Mirişli ilə Fikrət Qocanın gözəl bir mahnısı var: “Bir xumar baxışla”. Çox müğənnilər ifa edib. Ancaq Şövkət Ələkbərova və İlhamə Quliyevadan başqa, bu mahnıya müraciət edənlərin hamısı sözlərdə səhvə yol verib. “Bir xumar baxışla səadət bağışla” kimi gözəl ifadəni “Bir xumar baxışla səadət baxışla” kimi oxuyublar. Hətta çox sevdiyimiz Flora Kərimova da.
Bayağı musiqi, saxta sızıltı, “ay aman” dolu fəryadlar dinləyicini yormaqla bərabər, onun zövqünə də mənfi təsir göstərir. Murad Arif adlı bir bəstəkar-şairin “Bu şəhər ikimizə dar” mahnısı, insafən, ritmik və xoşagələndir. Amma sözlərdəki anlaşılmazlığı heç yerə yozmaq olmur:
Bu şəhər ikimizə dar (?),
Keçilməz küçələrini (?).
Gündüzləri özünlə apar,
Mənə burax gecələrini (?).
Kişi, guya, Anadolu ləhcəsində oxuyur. Ədalət Şükürov da özü yoğurub, özü yapır. Bir mahnısında uğursuz biznesmen təsiri bağışlayır:
Eşqi verdin bada sən,
Sevdim səni, nə fayda?..
Yaxud Natəvan Həbibinin oxuduğu sözlər:
Sus, gözlərin hər şeyi deyir,
Sevgidən bizə nə xeyir?
Sevgisindən fayda, xeyir güdən aşiqlərin “tacir psixologoyası” təəssüf doğurur. Və sair və ilaxır. Qısası, musiqi sənəti aləmində intellektual səviyyəsi, savadı olanların sayı azdır. Savadsızların isə mətnə münasibəti də qaba olur.
İndi də elə bu yazını çapa hazırlayarkən, necə deyərlər, qulağım çalan daha bir neçə yanlış ifanı misal çəkim. Zalımlar mənasını, məntiqini bilmədikləri sözləri, bəlkə də, elə bilmədən səhv oxuyurlar:
“Ömür olur şən (tən!) deyir,
Vaxt ötür, evlən deyir”.
Yaxud:
“Gecəni qan (dan!) eyləmə,
Zülfünü yan eyləmə”.
Bu isə bir filoloq-alim-şairin sözləridir:
“Muğam, sənət keşiyisən(?), Abşeronum...
– Burda qafiyə xatirinə əllaməlik edildiyi göz önündə, qulaq pərdəsindədir.
Bir adıbilinməzsə görün, nə oxuyur:
“Gülürəm inadına
Qaldırıb içirəm gecə adına mey
Sıra-sıra dərdləri düzdük, heyif,
Boş adamlar bizlik deyil” (?).
Demək istəyirsən ki, elə söz qoşmaq da sizlik deyil, ay bala! Böyük bir Xalq artisti isə, görün, necə oxuyur: “Yenə bu səhər Günəş nur yerə əylər”(?) Yəqin, “ələr” və ya da “çilər” demək istəyib, amma söz qəlibə yatmayıb.
Millətin, az qala, yarısının şair olduğu bir məmləkətdə mahnı ifaçılığında belə yanlışlıqlara yol verilməsi məsuliyyətsizlikdən, ən azı, dinləyici auditoriyasına hörmətsizlikdən başqa bir şey deyil. Mənasız söz yığınını sıralamaq, kupletləşdirmək ifaçılıq səviyyəsi sayılmaz.
Nəhayət, milli musiqinin əsas qollarından olan mahnı yaradıcılığına biganəlik estetik zövqün korlanmasına, dilin bərbad hala salınmasına “xidmət” edir ki, bu da yolverilməzdir.
Ə.DOSTƏLİ
XQ