Xəbər verdiyimiz kimi, Bakıda vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsi başlanıb. 150-dən çox ifaçının qələbə uğrunda yarışa qoşulduğu müsabiqədə 18–36 yaş arasında gənclər iştirak edirlər.
Dünən müsabiqənin rəsmiləri və iştirakçıları Bakıda Azərbaycan vokal sənətinin banisi, görkəmli xanəndə Bülbülün abidəsi önünə toplaşaraq açılış mərasimi keçiriblər. Sonra Azərbaycan Dövlət Akademik Filarmoniyasında ifaların dinlənilməsinə başlanıb. Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Makedoniya və digər ölkələrdən olan vokalçılar bir-birindən gözəl səsləri ilə çıxışlar etməyə başlayıblar.
Bülbül Beynəlxalq Fondunun rəhbəri və müsabiqənin sədri, Xalq artisti, bəstəkar-müğənni Polad Bülbüloğlu jurnalistlərə müsahibəsində dedi:
– Çox şadam ki, 1997-ci ildən bəri təşkil olunan bu müsabiqə ənənə halını alıb. Daha bir ilk isə budur ki, indi artıq müsabiqədə məhz azərbaycanlı məşhur vokalist, dünyaşöhrətli Xalq artistimiz, Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov baş münsifdir. İyunun 9-da Şuşada – Bülbülün evində, onun məkanında vokal yarışmasına yekun vurulacaq. Hər bir iştirakçıya uğurlar arzu edirəm.
Mahnılar, ecazkar ifalar bir-birini əvəz edir. Müxbirlər arada fürsət tapıb, münsiflər heyətinin sədri, ünlü həmyerlimiz Yusif Eyvazovu da danışdırırlar.
– Səslər gözəldir, – deyə o, bildirir. – Əla ifaçılar var. Əlbəttə, hamı qalib ola bilməz. Ona görə də biz ifalara çox diqqətlə qulaq asırıq.
İştirakçılardan biri – Əlişir Nəvai adına Özbəkistan Böyük Teatrının solisti, bir çox beynəlxalq müsabiqənin qalibi Otabek Nazirov çıxışından sonra ürək sözlərini bizimlə bölüşdü:
– Çox yaxşıdır ki, Azərbaycana gəlib ilk dəfə bu müsabiqədə iştirak edirəm. Doğrusu, əvvəlcə bir az həyəcan keçirdim, sonra ifama başladım. Bülbül müsabiqəsi mənə olduqca xoş təsir bağışlayır. Özümə də, həmkarlarıma da uğurlar diləyirəm.
Azərbaycanlı iştirakçı, bariton Mahir Tağızadə isə dedi:
– Bu müsabiqənin özünəməxsus yeri var. Çünki bizim öz Vətənimizdə keçirilir. Mən hələ illər öncə, Bakı Musiqi Akademiyasında tələbə olarkən artıq Bülbül vokal müsabiqəsində iştirak etmiş, “Ümid” mükafatı qazanmış və Polşanın Böyük Teatrında ustad dərsləri dinləmək fürsəti əldə etmişdim. Artıq bir peşəkar kimi qərara gəldim ki, bu il də müsabiqəyə qatılım. Görək, necə olacaq.
Qeyd edək ki, vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinni qalibləri Şuşada qala-konsert zamanı elan ediləcək.
Ə.DOSTƏLİ
XQ