Ötən həftəsonu 3 gün ərzində Bakıdakı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Qala Etno Fest keçirilib.
Festivalın qonaqları, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri Qoruqla yaxından tanış olublar. Milli Məclisin Komitə sədri Fazil Mustafa bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. O, tarixi abidələrin tanıdılması və qorunması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb və ümid etdiyini bildirib ki, belə festivallar xalqımızın tarixi mirasımıza qarşı diqqət və həssaslığını artıracaq. Qala Etno Fest çərçivəsində, Qala qəsrində “Qala tarixi fotolarda” sərgisi ziyarətçilərə təqdim olunub.
Bugünə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi formasında qorunan “Dulusçu evi”nin həyətindəki qocaman ağacın ətrafında ölkəmizin ünlü mədəniyyət xadimləri ilə üzbəüz təmaslar olub. “Püstə ağacının altında görüş” silsiləsində “Türk damğaları”, “Keramika sənəti”, “Abşeron arxeologiyası”, “Dəzgah və kitab qrafikası” mövzularında müzakirələrin təşkili etnomədəni mühitə xüsusi ab-hava qatıb.
Festival çərçivəsində ənənəvi və etnoidman növlərinin həvəskarları olan iştirakçılar oxatma, eləcə də nərd, şahmat və dama kimi masaüstü oyunlarda iştirak ediblər. Kiçik ziyarətçilər üçün isə etno və uşaq oyunları, rəsm müsabiqələri keçirilib. Sənətkarlıq və qədim peşələrlə maraqlananlar üçün dulusçuluq, xalçaçılıq, boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj, ağacoyma, keramika, rəngləmə, ebru və şam düzəltmə üzrə ustad dərsləri də təşkil olunub.
XQ