Bakıda vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsi başlanıb. 150-dən çox ifaçının qələbə uğrunda yarışa qoşulduğu müsabiqədə 18–36 yaş arasında gənclər iştirak edirlər.
Böyük xanəndə Bülbülün adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Görkəmli xanəndə Azərbaycan milli sənətinin yayılması və təbliği istiqamətində çox işlər görüb, öz məktəbini yaradıb.
Mədəniyyət Nazirliyi və Bülbül Beynəlxalq Fondu tərəfindən keçirilən müsabiqənin iştirakçı coğrafiyası da genişdir. Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Makedoniya və digər ölkələrdən olan vokalçılar bir həftə ərzində müsabiqədə məharətlərini göstərəcəklər.
Müsabiqənin açılışında dahi xanəndənin xələfi – görkəmli bəstəkar və müğənni, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu çıxış edərək Bülbülün irsinin və məktəbinin yaşayaraq inkişaf etdiyini söylədi.
– Mən buna çox sevinirəm, – deyə o bildirdi. – Bu müsabiqə uzun illərdir təşkil edilir və bu gün 9-cu dəfədir keçirilir. Mən 1997-ci ildə bu müsabiqənin təşkili, keçirilməsi haqqında fərman imzalayan və o vaxtdan müsabiqəyə həm də bütün dünyada böyük nüfuz qazandıran Ümummilli lider Heydər Əliyevi minnətdarlıqla xatırlamaq istərdim. Vokalçıların Bülbül adına müsabiqəsi 2–3 ildən bir keçirilir, çünki yeni nəsil vokalçılar yetişməlidir və bu amil həmişə yüksək keyfiyyətin təminatı olub.
Polad Bülbüloğlu vaxtilə müsabiqənin münsiflər heyətinin tanınmış üzvlərindən bəhs edib. Məşhur Qlinka müsabiqəsinə rəhbərlik etmiş, professor və müəllim kimi çoxsaylı layiqli vokalçılar yetişdirmiş rusiyalı opera müğənnisi İrina Arxipovanın, Böyük Teatrda bir çox rolları ifa etmiş SSRİ Xalq artisti Yevgeni Nesterenkonun, bir çox fəxri adlar daşıyan, vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsinin münsiflər heyətinin 3 dəfə sədri olmuş Sergey Leyferkusun adlarını çəkdi. Onu da qeyd etdi ki, artıq ölkəmizdə də dünya səviyyəli vokalçılar yetişib və indi bu müsabiqəyə rəhbərlik etməyə layiqdirlər. Bu gün ilk dəfədir ki, müsabiqənin münsiflər heyətinin sədri Azərbaycanın Xalq artisti, dünyanın, demək olar ki, bütün görkəmli opera teatrlarını fəth etmiş həmyerlimiz Yusif Eyvazovdur. Polad Bülbüloğlu, eyni zamanda müsabiqənin ilk günündən bu günə kimi təşkilatçısı olmuş Fərhad Bədəlbəylinin gənc musiqiçiləri yeni yaradıcılıq nailiyyətlərinə ruhlandıran çox dəyərli bir müəllim olduğunu bildirdi.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov dedi ki, Azərbaycan peşəkar vokal məktəbinin banisi, görkəmli sənətkar Bülbülün adını daşıyan müsabiqə artıq çoxdandır ki, dünya səviyyəsində ən populyar və sevimli incəsənət tədbirlərindən birinə çevrilib.
Bu müsabiqənin laureatları dünyanın ən yaxşı səhnələrində çıxış edirlər. “Təbii ki, hazırkı müsabiqədə çıxış edəcək musiqiçilər də gələcəkdə görkəmli sənətkar olacaqlar, onların qəlbində bu müsabiqə xüsusi yer tutacaq. Hər kəsə uğurlar və böyük yaradıcılıq nailiyyətləri arzulayıram. Əminəm ki, bu müsabiqə də ölkəmizdə keçirilən unudulmaz beynəlxalq musiqi tədbiri kimi tarixə düşəcək.
Fərəhli fakt kimi o da xatırlanıb ki, bu gün müsabiqənin münsiflər heyətinin sədri olan dünyaşöhrətli tenor, Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov vaxtilə Bakıda vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub. O da çıxışında iştirakçılara uğurlar arzuladı:
– Müsabiqə həmişə çox vacib bir hadisədir. İstəyirəm ki, bu gün burada iştirak edən gənc artistlər başa düşsünlər: əgər sənə heç bir müsabiqədə qalib gəlmək və ya 3-cü tura keçmək nəsib olmayıbsa, bu, qətiyyən karyera qura bilməyəcəyin və ya qalib gələnlərdən daha pis olduğun anlamına gəlməz. Sadəcə olaraq, səhnəyə çıxıb oxuduğun anda qalib olmaq üçün lazım olan səviyyədə və yüksəklikdə olmamısan. Ona görə də narahat olmayın, çalışmağa davam edin və ən əsası, səsinizlə münsiflər heyətini təəccübləndirməyə çalışın. Biz isə qalibləri və finalçıları çox dürüst və düzgün seçəcəyik. Qoy yeni “ulduz” doğulsun.
Sonra müsabiqənin dinləmələrinə start verildi. Ecazkar ifaların ucaldığı məkan Azərbaycan Dövlət Akademik Filarmoniyasıdır. Qaliblərin mükafatlandırılması və onlarla birlikdə dəvətli vokalçıların da çıxış edəcəyi qala-konsert isə iyunun 9-da Bülbülün doğma şəhəri Şuşada olacaq.
Ə.DOSTƏLİ
XQ