İsveçdə M.Ə.Rəsulzadəyə həsr edilmiş konfrans

post-img

İsveç krallığının paytaxtı Stokholmda Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin 140 illiyinə həsr edilmiş konfrans keçirilib. “Qobustan” Aydınlar Ocağının təşkilatçılığı ilə keçirilən yığıncaqda bu ölkədə fəaliyyət göstərən dərnək və icmaların təmsilçiləri ilə yanaşı Azərbaycan səfirliyinin, Diaspor komitəsinin, Stokholm ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Konfransda AMEA-nın Şərqşünaslıq institutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi “Rəsulzadə və Azərbaycan milli dövlətçiliyi”,   Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli “Mətbuat azadlığı demokratik dəyər kimi M.Ə.Rəsulzadənin siyasi baxışları kontekstində” adlı məruzə ilə çıxış edib və konfrans çərçivəsində öz kitablarını təqdim ediblər. İştirakçılar tarixçi-alim S.Tohidinin tərtib etdiyi "İkinci Beynəlxalq Rəsulzadə qiraətləri" toplusunu və professor Q.Məhərrəmlinin Bakıda və Təbrizdə nəşr olunmuş "Məmməd Əmin Rəsulzadə" kitablarını çox maraqla qarşılayıblar.

Toplantının təşkilatçısı olan  "Qobustan" cəmiyyətinin sədri, Geteburq Universitetinin professoru Səadət Kərimi və İsveçdə yaşayan kinorejissor Rahim Sadıqbəyli M.Ə.Rəsulzadə irsini tanıtmaq  baxımından hər iki kitabın xüsusi əhəmiyyətini yüksək qiymətləndirmişlər. Kitablar konfransın sonunda hər iki nüfuzlü müəllifin imzası ilə Azərbaycan icmasının fəallarına, yerli diaspor təşkilatlarlna və ölkəmizin İsveç Krallığındakı səfirliyinin nümayəndələrinə hədiyyə edilmişdir.

Konfransda həmçinin “Rəsulzadənin virtual Ev-Muzeyi”, xalq artisti Alim Qasımovun ifasında “Məhəmməd Əmin” musiqi parçası, həmçinin “Bütöv Azərbaycan” videosu nümayiş etdirilib.

XQ

 







Mədəniyyət