Sabah hava necə olacaq?

post-img

Mayın 24-ü axşamdan 26-sı axşamadək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mayın 25-i günün birinci yarısında şimal küləyinin sürətinin arabir 15-20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XQ-ə verilən məlumata görə, Azərbaycanın rayonlarının bəzi yerlərində isə havanın mayın 24-ü gündüzdən 27-dək arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Mayın 25-dən 26-sı gündüzədək şərq küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Ekologiya