Özbəkistanda keçirilən “Xalqların adət-ənənələri və mətbəxi” festivalında Azərbaycan stendi xüsusi diploma layiq görülüb

post-img

Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi Daşkəndin Tələbələr şəhərciyində “Xalqların adət-ənənələri və mətbəxi” adlı beynəlxalq festival keçirib.  

Tədbirdə Türkiyə, Qazaxıstan, Əlcəzair, Rusiya, İran, Belarus, Banqladeş, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Tacikistan və s. ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib. 

Festivalda hər ölkə öz mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdirib.

Ölkəmiz bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən təmsil olunub.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti, milli mətbəxi ilə bağlı çap məhsulları yer alıb. Festivalda Azərbaycan mədəniyyətinə dair suvenirlər, Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib.

Azərbaycan guşəsinə gələnlərə ölkəmizin mədəniyyəti, mətbəxinə dair müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub. Qonaqlar plov, dolma, qutab, dovğa və şirniyyatlarımızı həvəslə alıblar.

Festival çərçivəsində təşkil edilən konsertdə AMM-nin rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Festivalda fəal iştirakına görə Azərbaycan stendi xüsusi diploma layiq görülüb.

Qeyd edək ki, festivalda satışı təşkil edilən yeməklərdən və suvenirlərdən əldə olunan gəlir ənənəvi olaraq Özbəkistanda fiziki qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş internat məktəblərinin hesabına keçirilir.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd   











Mədəniyyət