Əczaxanadan aptekə gələn yol

post-img

Yaşadığımız ərazilərdə elə bir məkan var ki, ora istər-istəməz hamımızın yolu düşür. Adına “aptek” də deyilir, “əczaxana” da, amma dilimizdə “aptek” sözü daha çox işlənir. 

Bu söz dilimizə gəlib çatana qədər bir xeyli yol qət edib: əvvəlcə yunan dilində “kənara qoyuram, gizlədirəm” mənası verən “apotithemi” feilindən “apotheka” səklində yaranmış söz elə olduğu səkildəcə latın dilinə keçib. Sonra latın dilindən alman dilinə adlayıb və bu zaman şəkli bir az dəyişilərək “apotheke” formasına düşüb. Avropa ölkələrində “səyahət”ini davam etdirən söz Polşaya catanda formaca yenidən dəyişikliyə uğrayıb, bu dəfə “apteka” görkəmi ilə tanınmağa başlayıb. Nəhayət, XV əsrin sonlarında Rusiyaya təşrif buyurmuş sözü ruslar polyaklardan formasını dəyişdirmədən qəbul edib, əczaxanalarının qarşısına asdıqları lövhələrə “APTEKA” sözünü yazıblar. 

Günlərin bir günü "apteka" Azərbaycana da gəlib, lakin bizimkilər dilimizə rus  dilindən keçmiş bir sıra digər sözlərdə olduğu kimi (məsələn: proqram, rezin, raket, qrup və s.), sözün sonuncu hərf(lər)ini ixtisar etdikdən sonra ona vətəndaşlıq hüququ veriblər.

Bəs “aptek(a)” sözünün açması nədir? Sözün ikinci hissəsi “teke” yunanca “qutu, yeşik” mənasındadır (Yeri gəlmişkən, bu sözə “biblioteka”, “kartoteka”, “filmoteka”, ”fonoteka” sözlərinin tərkibində dəfələrlə rast gəlmişik). Bu söz işləndiyi bütün sözlərin tərkibində “qoruma yeri” mənasına xidmət edir. “Apo” isə söz­önüdür və bir mənası da “birlikdə, birgə” deməkdir. “Apoteke” sözü yarandığı dövr­də ümumiyyətlə “anbar, saxlanc yeri” mənası versə də, zaman keçdikcə məna konkretləşərək yalnız “dərman anbarı, tibb ləvazimatları köşkü” anlamını ifadə etməyə başlayıb.   

İmarət CƏLİLQIZI, 
Oğuz rayon sakini  

 

Mədəniyyət