Azərbaycan aşıqları “Baysun baharı”nda

post-img

Özbəkistan Mədəniyyət Nazirliyi, Surxandərya vilayət hakimiyyəti, ölkənin Turizm Komitəsinin təşəbbüsü, UNESCO və TÜRKSOY-un  dəstəyi ilə vilayətin Baysun rayonunda yeddinci “Baysun baharı” folklor festivalı keçirilib. 

Gözəllik və sənət bayramında Özbəkistanın müxtəlif vilayətlərindən gələn musiqi kollektivləri, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Rusiya Federasiyasının Tatarıstan Respublikasından, ümumilikdə, dünyanın 16 ölkəsindən dəvət olunan folklorşünaslar, mədəniyyət və incəsənət  xadimləri, səyyahlar iştirak edib. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə Azərbaycandan gələn aşıqlar – 
Əli Zeynalabdinov, Əfsanə Kərimli və Əliyar Hüseynov da musiqi bayramına qatılıblar. 

“Baysun baharı” folklor festivalı çərçivəsində baş tutan konfransda Azərbaycan da daxil olmaqla dünyanın 40-dan çox ölkəsindən gələn folklorşünas alim və jurnalistlər iştirak ediblər.  

Festival çərçivəsində milli geyimlər, musiqi alətləri, milli yeməklər, xalq sənəti  nümunələri, təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgilər təşkil olunub, güləş üzrə yarışlar keçirilib. Qonaqlar Baysun sənətkarlarının toxuduğu xalçalarla, hazırladıqları xalq çalğı alətləri – dumbra, çankovuz, sıbızqı və s. ilə tanış olublar. Festivalda sənətkarların əl işlərinin hazırlanma texnologiyasını öyrənmək məqsədilə usta dərsləri də təşkil olunub. 

“Baysun baharı” folklor festivalının sonunda Azərbaycandan gələn aşıqlar- Əli Zeynalabdinov, Əfsanə Kərimli və Əliyar Hüseynova, habelə AMM-yə festivalın sertifikatı təqdim edilib. 

Xatırladırıq ki, ilk “Baysun baharı” folklor festivalı 2002-ci ildə keçirilib. 2008-ci ildə isə UNESCO Baysun mədəniyyətini Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edib. 

K.Qulu,
XQ-nin xüsusi müxbiri

 

Mədəniyyət