Hakimiyyət, güc rəmzi sayılan bu abidənin 25 əsr yaşı var
Birinci Ərk qalası – qədim Buxarada əsrlərin yadigarı, keçmişin bu günümüzə körpüsü, yadellilərin dəfələrlə altını üstünə çevirdiyi tarixi məkandır.
İkinci Ərk qalası yenə Özbəkistanda, Xarəzm torpağındakı qədim Xivə şəhərinin İçan-Kala ərazisindədir.
Üçüncü Ərk qalası isə Təbrizdədir. Tarixin hansısa anında, ayrı-ayrı vaxtlarda yadellilər hər üç abidəni viran qoyub, lakin yer üzündən tamamilə silə bilməyiblər. Nədən ki, Ərk türk dünyasında güc, qüvvət, hakimiyyət mənasına gəlir.
Bəli türklərin yaşadığı arealda 3 Ərk qalası mövcud olduğu bəllidir. Görəsən, türk ellərində dördüncü Ərk qalası da varmı? O da dağıdılıbmı, viran qoyulubmu yadellilər tərəfindən? Bugünkü söhbətimiz məhz Buxaradakı Ərk qalası haqqında olacaq.
Buxara hökmdarlarının dayağı, arxası olan nəhəng Ərk qalası, sanki, dünya yarandığı gündən şəhərin mərkəzində ucalıb. Tarixi sirlərlə dolu Ərkin yaşı tam müəyyənləşməsə də, arxeoloji qazıntılara görə, təməli eramızdan əvvəl VI-III əsrlərdə qoyulub.Təsadüfi deyil ki, “Avesta”da da Ərk qalasının adı çəkilir. Onun eramızın I əsrindən hökmdarların iqamətgahı olduğu məlumdur. Qalanı qızmar günəşin şüaları altında minlərlə qul ərsəyə gətirib.
Uzunluğu 789,6, hündürlüyü 16-20 metr, sahəsi 3,96 hektar olan Ərk qalası əsrlər boyu Buxara əmirlərinin baş iqamətgahı olub, ölkə buradan idarə edilib. Ərkdə böyük alim, şair və filosoflar – Rudəki, Firdovsi, İbn Sina, Fərabi, Ömər Xəyyam yaşayıb-yaradıb. İbn Sina qaladakı kitabxana haqqında bunları yazıb: ”Mən burada əvvəllər heç bir yerdə görmədiyim kitabları tapdım. Mən onları oxudum və hər bir alimin öz elmindəki yerini anladım”. Təəssüf ki, kitabxananın sonrakı taleyi haqqında heç nə məlum deyil.
Ərk qalasının ucaldılmasını Səyavuş haqqında əfsanə ilə bağlayırlar. Keykavusun oğlu Səyavuş ögey anasının zülmündən qaçaraq səhrada salınmış varlı bir ölkəyə - Turana gəlir. Ölkənin şahı Əfrasiyabın qızı Firəngizə aşiq olur. Şah qızını ona vermək istəmir, hiyləyə əl atır. Səyavuşun qarşısına öküz dərisi ataraq deyir: ”Bu dərinin üzərində saray tiksən qızımı sənə verərəm”. Səyavuş şahdan da hiyləgər çıxır. Öküz dərisini nazik zolaqlara ayırır, onları dairəvi düzərək həmin ərazidə qalanı tikir. Qala o dövrdə Kuxindiz adlanıb. Səyavuşun gündən-günə artan şöhrəti şahı narahat edir və gənc vəhşicəsinə öldürülür. Mərkəzi Asiya mifologiyasında Səyavuş ölən və dirilən varlıq kimi göstərilir. Bu torpaqlarda insanlar uzun zaman Səyavuşa sitayiş ediblər. Novruz bayramında Səyavuşun Buxara qalasının Şərq qapıları yanındakı qəbri üzərində xoruz qurbanı kəsiblər.
Ərk qalası hakimiyyətin, toxunulmazlığın, əzəmətin simvolu olan Registan meydanının üzərində ucalır. Şəhər içində şəhər olan Ərkdə 3000 adam yaşayıb. Saysız-hesabsız müharibələr görən qala dəfələrlə dağıdılsa da, sonradan yenidən tikilib. 1220-ci ildə Çingiz xanın qoşunları Buxaranı ələ keçirdikdə sakinlər qalanın içində gizləniblər, lakin əsgərlər qalaya daxil olub, qarət edib dağıdıblar.
Əbu Bəhr Narşahi “Buxaranın tarixi” əsərində Ərk qalası haqqında yazır: ”Buxara hakimi Bidun buxar-xudat qalanı çoxbucaqlı şəklində tikdirir, amma bir müddət sonra qala dağılır. Hökmdar ağsaqqalları məşvərətə yığır.Onlar qalanı Böyük Ayı bürcünü xatırladan 7 dirək üzərində tikməyi məsləhət görürlər. Bundan sonra qala dağılmır.
Teymurilər tarixini yazanların dediyinə görə, 1405-ci ildə Əmir Teymurun ölümündən sonra hakimiyyət uğründa döyüşlər ərəfəsində Mirzə Uluğbəy və İbrahim Sultan öz xəzinələrini və gözətçilərini də götürüb bu qalaya sığınıblar. Bir ay müddətində qala divarlarını, Qərb və Şərq qapılarını möhkəmlətməklə məşğul olublar.
Ərk qalası öz inkişaf dövrünü IX-X əsrlərdə yaşayıb. Burada əmirlərin sarayları, kargüzarlıq, dəftərxana binaları, həbsxana tikilib. Sonra qala ətrafında şəhər – şəhristan və sənətkarlar üçün yurd – rabat salınıb. Ərkdən qərbə doğru yaradılan Registan meydanında Çingiz xanın hücumuna qədər nazirliklər, əyanların sarayları və bazar olub. Ərkin girəcəyində baş hərbi komandanın qəbul otağı və silah emalatxanaları yerləşib. Qala divarlarından birində Buxara əmirlərinin hakimiyyət simvolu olan dəri qamçı asılırmış. Bu qamçının əfsanəvi qəhrəman Rüstəmə aid olduğu deyilir.
XVI əsrdə Şeybanilər dövründə qalada məscid, salomxana, hərəmxana, musiqi salonu, zərgərlik emalatxanası, geyimləri, zinət əşyalarını mühafizə etmək üçün anbarlar, həmçinin əmirin sarayının Şərq qapıları – Qurian və Qərb qapıları –Registan tikilib.
XVII əsrdə inşa edilən taxt otağı (kurinişxana) üç tərəfdən ağac sütunlar üzərində duran eyvanlarla əhatə olunan kərpic döşəməli həyətdən ibarətdir. Şahnişan adlanan əsas eyvanda əmirin taxtı yerləşib. Burada 1753- cü ildə özbəklərin manqıt qəbiləsindən olan Məhəmməd Rəhim Buxara taxt-tacına sahib olub və ona əmir titulu verilib. Buxara xanlığı Buxara əmirliyi adlanmağa başlayıb. Manqıtlar sülaləsi 1920-ci ilə qədər Buxaraya 8 əmir verib. Xarici ölkə səfirləri də burada qarşılanıb.
1920-ci ildə Buxara əmirliyində dövlət çevrilişi baş tutub, Buxara Xalq Respublikası yaradılıb. Sonuncu Buxara əmiri Seyid Əlimxan taxtdan salınıb, onun tərəfdarları ilə birgə Əfqanıstana qaçdığı deyilir. General Mixail Frunzenin komandanlığı altında Qızıl Ordu havadan Ərk qalasına zərbələr endirərək qalanın 80 faizini dağıdıb, Ərkdə başlayan güclü yanğın dörd gün davam edib. Bu günümüzə qalanın yalnız bir hissəsi gəlib çatıb. Qalanın qorunub saxlanan tikililəri Aştarxanilər və Manqıtlar dövrünə aiddir. Bunlar kurinişxana, Cami məscidi, kuşbegi – bolo (baş nazirin həyəti), calomxana, saisxana (at tövləsi) və Battal qazinin hücrəsidir.
Ərk qalasının şərq hissəsi hazırda arxeoloji abidə kimi qorunur. Burada Çilduxtaron məscidi yerləşir. Min bir əziyyətə düçar olan və Nəsrulla xan tərəfindən quyuya atılan qırx qız əfsanəsi bu məscidlə bağlıdır.
XIX əsrdə əmir və əyanlar üçün tikilən Cami saray məscidi də bizim günlərə qədər gəlib çıxan abidələrdəndir.
Q.Kəngərli,
XQ-nin xüsusi müxbiri