Beynəlxalq Türk Akademiyasının və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Ulan-Batordakı Nomqon-2 Memorial Kompleksində aşkarlanan bitig daşının aşağı hissəsinin təqdimatı olub.
Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Monqolustan Elmlər Akademiyasının prezidenti Dugerin Regdel, Qazaxıstanın Ulan-Batordakı səfiri Qabit Koyşıbayev, Türkiyənin Ulan-Batordakı səfirliyinin müvəqqəti işlər vəkili Əli Səid Serdengeçti, eləcə də diplomatik missiyalarının nümayəndələri iştirak ediblər.
Arxeoloji tədqiqatlarda iştirak edən elm adamları bitig daşının yeni tapılan aşağı hissəsində qədim Çin mətninin olduğunu, Nomqon-2 Abidə Kompleksinin Köhnə Türk Xaqanlığının hökmdarı İlteriş Kutluğa aid ola biləcəyini iddia ediblər.
Tədbirdə bildirilib ki, 2019, 2022 və 2023-cü illərdə aparılan qazıntılar zamanı xaqanın oturmuş vəziyyətdə daş heykəli və başı, iki balası olan şir daş heykəli və 5 daş heykəlin qırıq parçaları aşkar edilib.
Qeyd edək ki, Monqolustanın Arxanqay bölgəsinin Haşaat Sum Nomqon vadisində yerləşən Nomqon-2 xaqanlara məxsus kompleks hesab edilir.
Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu Nomqon düzündəki monumental kompleksdə arxeoloji qazıntıları davam etdirəcək.
Qabil YUSİFOĞLU
XQ