Rəqəmsal erada mənbə müxtəlifliyi var və burada yanlış informasiyalar asanlıqla yayıla bilir. Sosial media, əslində, insanların birləşmələri, biliklərini paylaşmaları üçün platforma olub. Hazırkı zamanda isə burada nifrət hissləri görünməmiş şəkildə geniş yayıla bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Amerika Dövlətləri Təşkilatının komissarı Fernando Lottenberg VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş "Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?" mövzusunda panel sessiyada deyib.
O bildirib ki, sosial media etik şəkildə fəaliyyət göstərməlidir. Bunun üçün müxtəlif tərəflərin tənqidi yanaşması olmalıdır.
“Yanlış, zərərverici informasiyalar sosial mediada nəzarətsiz şəkildə yayılır. Məhz bu zərərverici kontentlər bizim cəmiyyətimizi laxlada, eyni zamanda, ekstremizmə güc verə bilər. Araşdırmalar göstərir ki, nifrət nitqinin yayılmasında sosial şəbəkələr məsuliyyət daşıyır. Biz məlumatların keyfiyyətinə nəzarət edə biləcəyimiz bir cəmiyyət qurmalıyıq. “İfadə azadlığı” anlayışı da nifrət nitqinin yayılmasına şərait yara bilər. Bütün bunlarla mübarizə üçün bəzi hüquqi sənədlərin, konvensiyaların hazırlanmasının zamanı artıq gəlib çatıb”, - deyə Fernando Lottenberg əlavə edib.