Aprelin 25-30-da Mərakeş Mədəniyyət Nazirliyi və Mərakeş Poeziya Evinin təşkilatçılığı ilə ərəb dünyasının tanınmış şairləri, eləcə də dünyanın bir sıra ölkələrindən tanınmış şairlərin dəvət olunduğu Beynəlxalq Poeziya Festivalı keçirilib.
XQ-nin aldığı məlumata görə, festivalda Azərbaycanı “Söz” və “İgidlərin sözü” layihələrinin yaradıcısı Nigar Həsənzadə təmsil edib. Onun şeirləri ərəb dilində festival antologiyasına daxil edilib. Ərəb dilinə tərcüməni məşhur şair-tərcüməçi, professor Moncif Zouitni həyata keçirib.
Şair Nigar Həsənzadə bildirib ki, festivalda təsəvvüfün mistisizmi ilə sıx qarışmış müasir poeziya sanki bütün dinləyiciləri və iştirakçıları hipnoz vəziyyətinə salıb. Festivalın keçirilmə yeri kimi Mərakeşin ən məşhur və qiymətli tarixi yerləri - qədim Bahia və əl-Badi sarayları seçilib.
O bildirib kİ, Bahia Sarayının dəqiq tikilmə tarixləri məlum deyil. 1859-1867-ci illər arasında Mərakeş Sultanı IV Məhəmmədin baş vəziri, keçmiş qul Si Musanın əmri ilə tikilib. Sarayın otaqları mərmər, keramik plitələr, zilic və sidrlə təmtəraqla bəzədilib. Bu materiallar Şimali Afrikanın müxtəlif yerindən gətirilib.
Şair deyib ki, festivalın bağlanış mərasimi açıq havada, ərəb dünyasının möcüzəsi - Qəsr əl-Badi sarayında, Marakeşin əsas görməli yerlərindən birində təşkil olunub: “Ərəb dünyasının poeziyası dünya bədii ədəbiyyatının xəzinəsidir. Şərqin görkəmli şairləri arasında çıxış etmək şərəf idi. Əsərlərimin ərəb dilinə tərcüməsi və nəşri ilə bağlı təkliflər almışam, buna görə də səmimi minnətdarlığımı bildirirəm”.
Nigar xanım kitabını ana dilində nəşr etdirdiklərinə görə şair-tərcüməçi Salam Sarvana, Dövlət Tərcümə Mərkəzinə, eləcə də dəvətə və səmimi qəbula görə Mərakeş Poeziya Evi Assosiasiyasının prezidenti, Beynəlxalq Poeziya Festivalının direktoru, şair Murad Elkadiriyə dərin minnətdarlığını bildirib.
Anar ƏLİ
XQ