Tariximizdə şairlərin, alimlərin və ziyalıların toplaşaraq öz şeirlərini səsləndirdikləri, elmi araşdırmalarını müzakirə etdikləri, xalqın maariflənməsi ilə bağlı təşəbbüslərin irəli sürüldüyü bir sıra ədəbi məclislər fəaliyyət göstərib. Bu ənənənin müasir davamı kimi etnoqraf, tarix üzrə fəlsəfə doktoru Günay Çapayın təşəbbüsü və bir sıra alimlərin iştirakı ilə növbəti Etno Məclis tədbiri baş tutub.
Artıq ənənə halını alan bu görüşlər xalqın milli dəyərlərinə və zamanla unudulmaqda olan adət-ənənələrin yenidən xatırladılmasına həsr olunur. Bu dəfəki məclisin mövzusu xalqımızın qədim və sevilən bayramı olan Novruzun qarşılanması və bayrama hazırlıq ənənələri olub.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya, Arxeologiya və Antropologiya institutlarının etnoqraflarının məruzələri ilə başlayıb. Məclisin əsas məqsədi milli yaddaşda qorunub saxlanılan bayram ənənələrinin tarixi köklərini araşdırmaq, mənbələrə və elmi ədəbiyyata istinad edərək bu bilikləri məclis iştirakçıları ilə bölüşmək olub.
Məclisdə müxtəlif yaş kateqoriyalarından olan iştirakçılar da söz alaraq öz bölgələrində qorunub saxlanılan və ya ata-babalarından eşitdikləri Novruz adət-ənənələrini bölüşüblər. Beləliklə, tədbir həm elmi müzakirə, həm də canlı xalq yaddaşının paylaşılması baxımından maraqlı fikir mübadiləsinə çevrilib.
Etno Məclisin məqsədlərindən biri də milli geyimlərin gündəlik həyatda istifadəsini təşviq etməkdir. Bu səbəbdən tədbirin elanlarında iştirakçılar milli geyimdə gəlməyə dəvət olunur. Bu dəfə də məclis həvəskarları bu çağırışa qoşularaq al-əlvan milli geyimlərlə tədbirə xüsusi rəng qatmışdılar.
Qədim və ənənəvi atmosferi ilə seçilən xalça dükanında təşkil olunan tədbirdə Parla Öz Geyim kolleksiyasına məxsus milli geyimlər və kəlağayılar da gənclərin üzərində təqdim olunub.
Tədbir zamanı Novruz xonçası hazırlanaraq qonaqlara milli şirniyyatlar, çay və qəhvə təqdim olunub. Çay süfrəsi arxasında alimlər və iştirakçılar arasında səmimi söhbətlər aparılıb, maraqlı fikir mübadiləsi baş tutub, yeni tanışlıqlar və gələcək əməkdaşlıqlar üçün imkanlar yaranıb.
Tədbir iştirakçılar tərəfindən milli-mədəni irsin təbliği istiqamətində atılan əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilib və bu cür məclislərin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.
XQ



