"Heydər Əliyev və yaradıcı ziyalılar"

post-img

29 mart 2024-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə Xalq yazıçısı Elmira Axundovanın “Sizin aranızda ən böyük dissident mən özüm idim! Heydər Əliyev və yaradıcı ziyalılar” adlı ikicildlik kitabının təqdimat mərasimi keçirildi. Ümummilli Lider Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində yaradıcı şəxslər, ziyalılarla olan yaxın, səmimi münasibətlərindən bəhs edən kitabın birinci cildi “Aranızda ən böyük dissident mən olmuşam!”adlı geniş bədii-publisistik essedən ibarətdir. İkinci cilddə isə görkəmli dövlət xadimi ilə şəxsən tanış olan, mədəniyyət sahəsində xidmətləri Prezident tərəfindən yüksək qiymətləndirilən tanınmış ədəbiyyat və incəsənət nümayəndələrinin, ziyalıların xatirələri yer alıb. Burada Tahir Salahov, Ömər Eldarov, Müslüm Maqomayev, Anar, Elçin, Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımova bacıları, Fərhad Xəlilov və digər müxtəlif mədəniyyət sahələrini təmsil edən məşhur şəxslərlə 24 söhbət əksini tapıb.

Tədbiri giriş sözü ilə açan AMİM-in direktoru Şirin Məlikova Ulu Öndərdən bəhs edən hər bir kitabın onun nəhəng şəxsiyyətinin yeni tərəflərini üzə çıxardığını və təqdimatı keçirilən bu kitabın da belə maraqlı məqamlarla zəngin olduğunu söylədi. Daha sonra Xalq yazıçıları Anar, Kamal Abdulla, Xalq artistləri Xuraman Qasımova, Fərhad Bədəlbəyli, Rasim Balayev, Xalq rəssamı Fərhad Xəlilov, Milli Məclisin deputatı Hicran Hüseynova çıxış edərək Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşdülər və daima mədəniyyətimizin və yaradıcı şəxslərin, ziyalıların hamisi olmuş dahi liderə həsr edilmiş bu nəşrin müəllifin digər kitabları kimi geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağını söylədilər.

Elmira Axundova öz çıxışında kitabın ərsəyə gəlmə prosesindən danışaraq bu nəşrin də Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin təbliğinə  daha bir töhfə olduğunu vurğuladı.

Tədbirdə, həmçinin Xalq artistləri Fərhad Bədəlbəyli, Xuraman Qasımova, Murad Adıgözəlzadə, Əməkdar artist Tural Ağasıyev, vokalist Taleh Yahyayevin ifasında Ulu Öndərin sevdiyi musiqi kompozisiyaları və mahnılardan ibarət konsert proqramı da təqdim olundu.



































Mədəniyyət