Türk Mədəniyyəti və İrsi Fondunun yeni layihəsi – “Turk discovery”

post-img

Türk Mədəniyyəti və İrsi Fondu növbəti layihəsini təqdim edib. Belə ki, fond Türk Dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli dəyərlərini əks etdirən proqramların, verilişlərin, sənədli filmlərin yayımlanacağı “Turk Discovery” YouTube platformasını yaradıb. Bu genişmiqyaslı layihə Türk xalqlarının sərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə vermək məqsədilə həyata keçirilir. Fond YouTube platforması ilə yanaşı, TikTok, Instagram, Facebook və s. kimi onlayn platformalarda Türk ölkələrinin maddi-mənəvi dəyərlərinin təbliğinə yönəlmiş məzmunu fəal şəkildə təbliğ edir. 

Layihənin rəhbəri və “siması” tanınmış Qazaxıstanlı jurnalist Maya Bekbayevadır. M. Bekbayevanın komandası uzun illərdir tarixə dair sənədli filmlər hazırlayır.

“Turk Discovery” layihəsinin ilk buraxılışı “Novruz – qədim türk bayramının dirçəlişi” sənədli filmidir (Filmə “Turk Discovery” layihəsinin rəsmi YouTube kanalında https://youtu.be/XhtnEcaG4hA?si=LsKqnUKY5A_5Tlw5 linkindən baxmaq olar).

Filmin elmi rəhbəri və ssenari müəllifi Azərbaycanın dövlət və siyasi xadimi, diplomat, alim, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndəsi Həsən Həsənovdur. Çəkiliş Özbəkistan, Qırğızıstan və Azərbaycanda olub. Çəkilişlərin əksəriyyəti isə Bakı şəhərində və Azərbaycanın əhəmiyyətli tarixi yerlərində aparılıb. Filmdə hər bir Türk ölkəsində Novruz bayramının özünəməxsus, fərqli xüsusiyyətləri göstərilir. 

Layihə komandası maraqlı və keyfiyyətli məzmun yaratmaq üzərində işləməyə davam edir. Hazırda Mahmud Kaşqarinin Türk ləhcələrinin toplusu olan "Divani lüğət it-türk" adlı əsərindən bəhs edən sənədli film hazırlanır. Qeyd edək ki, bu toplunun 950 illiyi 2024-2025-ci illər üzrə YUNESKO çərçivəsində qeyd olunur. 

Layihənin məqsədi Türk xalqları arasında həmrəyliyi daha da gücləndirməkdir.

Mədəniyyət