Azərbaycan Dövlət Kukla Teatrı "GİD CSR Consulting" şirkətinin təşkilatçılığı və "Baku Elektronics" şirkətinin dəstəyi ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində repertuarlarındakı baxımlı səhnə nümunələrindən biri - "Məlikməmməd" tamaşasını nümayiş etdirib.
Regionlarda uşaq və yeniyetmələrin teatra sevgi ruhunda formalaşması, onlarda teatra vərdişin formalaşması məqsədilə reallaşan aksiya tamaşaçıların ürəyincə olub.
Xalq nağılı əsasında yeni tərtibat və kukla texnikasında hazırlanan tamaşada canlı planda oyun ilə kiçik ölçülü kuklaların vəhdətinə çalışılıb.
Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı tamaşada rolları Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov, İqbal Əliyev, Səbinə Məmmədova və b. Ifa ediblər.
Qəhrəmanlıq, cəsarət və dürüstlük aşılayan səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.