Bu gün səhər saatlarında Bakı şəhəri Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağın dilbər güşələrindən olan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 34 ailə olmaqla, 123 nəfər Füzuli sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıb, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Füzuli şəhərində 596 ailənin, yəni 2245 nəfər məskunlaşması təmin edilib.