Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən 18 mart 2024-cü ildə Lənkəran Penitensiar Kompleksinə mediatur təşkil olunub.
Beynəlxalq standartlara uyğun inşa olunmuş kompleksdə müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanasında isə həbs edilmiş şəxslər saxlanılacaqlar. İctimai təqdimatda Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin məsul işçiləri, Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, hüquq müdafiəçiləri, digər vətəndaş cəmiyyəti institutları və media nümayəndələri iştirak edib və kompleksdə yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, islah prosesi zamanı yeniliklərin tətbiqi, məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür. Eyni zamanda, məhkumların cəmiyyətə adaptasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün müxtəlif regionlarda müasir penitensiar infrastrukturun yaradılması istiqamətində də mühüm addımlar atılır.
Əvvəllər yeni istintaq təcridxanası, müasir penitensiar müəssisələr, son vaxtlar Umbakı penitensiar kompleksi istifadəyə verilmişdir. Gəncə şəhərində isə inşa işləri davam etdirilir.
Lənkəran penitensiar müəssisəsi də xüsusi əhəmiyyət kəsb edir. Müəssisədə məhkumlar üçün zəruri şərait, o cümlədən, ayrıca sanitar qovşağı, gəzinti yerləri olan kameralardan ibarət müxtəlif rejimli korpuslar inşa edilib.
Müəssisənin təcridxana hissəsində müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən – videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.
İctimaiyyət nümayəndələri kompleksdəki tibb-sanitar hissələri ilə də tanış olublar. Bildirilib ki, saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan palatalar mövcuddur.
Kompleksdə məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması məmnunluqla qarşılanıb. Tanışlıq zamanı həmçinin, uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib. Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.
İştirakçılar məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman meydançaları, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün yaradılan infrastrukturla tanış olub, məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxdə, yeməkxanada, habelə sənaye tipli qurğularla təchiz edilmiş camaşırxanada yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Müəssisədə qurulumuş süni intellektin tətbiqi ilə vətəndaşlara məsafədən eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsini mümkün edən “ƏNTEZ” xidmət platforması barədə geniş məlumat verilib.
Tanışlıqdan sonra media nümayəndələri və ictimaiyyət üçün keçirilmiş brifinqdə penitensiar sistemdə aparılan islahatların, məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin müasir çağırışlara uyğun inkişafına göstərdiyi xüsusi qayğısının və diqqətinin əyani təzahürü olduğu, yeni penitensiar kompleksin tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyi vurğulanıb. Eyni zamanda, Ədliyyə Nazirliyi rəhbərliyinin məhkumların cəmiyyətə adaptasiyasında innovativ yanaşmanın tətbiqinə önəm verdiyi, bu sahədə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Çıxış edən ictimaiyyət nümayəndələri penitensiar kompleksin istifadəyə verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından məmnunluqlarını ifadə ediblər.
Rizvan FİKRƏTOĞLU
XQ