AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Türk Dil Qurumunun təşkilatçılığı ilə kitab sərgisi keçirilib.
Sərgidə Türk Dil Qurumunun Dilçilik İnstitutuna hədiyyə etdiyi, dilçiliyin müxtəlif sahələrinə aid 200-ə yaxın kitab nümayiş olunub. Daha sonra institutda türkiyəli qonaqların iştirakı ilə görüş keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan–Türkiyə əlaqələrinin möhkəmlənməsinin elm sahəsində əməkdaşlığa da geniş meydan açdığını söyləyib. Qardaşlığımızın dünyaya nümunə olduğunu deyən akademik vurğulayıb ki, ərazi bütövlüyümüzün təmin olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi ölkələrimiz arasındakı münasibətlərdə yeni bir tarixi salnaməyə çevrildi, qardaş Türkiyə haqq savaşımızın hər anında Azərbaycanın yanında oldu.
O, işğaldan azad edilmiş ərazilərə səfər edən Türkiyənin elmi qurumları arasında Türk Tarix Qurumunun ilk müəssisə olduğunu bildirib.
AMEA rəhbəri ölkələr arasında beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən də bəhs edib. O deyib ki, bugünkü kitab təqdimatı Türkiyənin elmi qurumları ilə əlaqələrin bundan sonrakı mərhələdə daha da sürətlə inkişafına təkan verəcək.
Akademik İsa Həbibbəyli, həmçinin Türk Dil Qurumunun rəhbəri professor Osman Mertin Azərbaycan–Türkiyə elmi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Dilçilik İnstitutunun “Fəxri professor”u seçildiyini diqqətə çatdırıb, bu münasibətlə türkiyəli alimi təbrik edib.
Daha sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Türk Dil Qurumu ilə Dilçilik İnstitutu arasında dostluq münasibətinin formalaşdığını, Osman Mertin müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb və “Fəxri professor” diplomunu qonağa təqdim edib.
Osman Mert ona göstərilən diqqətə görə minnətdarlığını bildirib. O, bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin gücləndirilməsinə çalışacağını deyib. Sonda qonaqlar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yerləşən Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzini ziyarət ediblər.
XQ

