Sensasiyanın bir addımlığında...

post-img

“Qarabağ”ın futbol cəngavərləri qələbəyə layiq oyun nümayiş etdirdilər

Martın 4-dən 5-nə keçən gecə Ağdamın “Qarabağ” klubu Bundes­liqanın lideri Liverkuzenin “Bayer” klubu ilə cavab görüşünə Bakıdakı heç-heçənin təsadüf olmadığını sübut etmək üçün çıxmışdı. Almaniya Futbol Federasiyasının, ümumiyyətlə, futbol dünyasının bugünədək heç bir mükafatına sahib ola bilməyən “Bayer” bu mövsümdə eyni vaxtda üç turnirin qalibi olmağa namizəddir. Bununla yanaşı, adlı-sanlı futbol­çu Xabi Alonso məşqçi kimi də adını tarixə yazdırmağa, təkcə Bundes­timdə yox, həm də Avropada nadir, bütün mənalarda təkrarolunmaz bir rekorda imza atmağa – mövsümü tam məğlubiyyəsiz başa vurmağa çox yaxındır. Onun rəhbərlik etdiyi klub cümə gününə keçən gecə “Qarabağ” üzərində qələbə çalacağı təqdirdə məğlubiyyətsizlik seriyasını 37 matça çatdıracaqdı. 

Əlbəttə, bir həftə əvvəl “Qarabağ” Bakıda Avropa futbolunun sensasiya­sını yazmağa yaxın idi. Lakin Qurban Qurbanovun yetirmələri 2 top üstün­lüklərini qələbəyə çevirə bilməyib Tofiq Bəhrəmov adına stadionu heç-heçə ilə tərk etdilər. İnsafən, alman futbol maşını adlandırılan Bundestim kimi Avropanın ən güclü futbol liqala­rından birinin lideri ilə heç-heçə oyna­mağın özü də elə qələbəyə bərabər bir nəticə idi. 

Xarici medianın bir çox futbol yazarları və şərhçiləri Bakıdakı heç-heçəni Xabi Alonsunun “Qara­bağ”la oyuna komandasının əsas heyətini çıxarmaması ilə əlaqələn­dirib, Qurban Qurbanovun futbol cəngavərlərinin əzmkarlığına kölgə salmağa çalışırdılar. Amma insafən, ağdamlılar Bakıda sözün əsl mə­nasında möhtəşəm və son dərəcə əzmkar oyun nümayiş etdirib, Avro­panın ünlü klublarından heç də zəif olmadıqlarını meydanda parlaq şə­kildə sübut etdilər. Neyləmək olar, bu futboldur və 90 dəqiqənin bəzən bir neçə dəqiqəsində özünə arxayın ol­maq bütün oyun boyu çəkdiyin əziy­yəti heçə endirir. Bakıda da belə oldu və “Bayer” əsas vaxtda deyil, yalnız əlavə edilmiş 3-4 dəqiqədə məğlubiy­yətdən qurtarmağı bacardı. Avropa futbolunun fantastikasına çevrilə bilə­cək sensasiya baş tutmadı. 

Beləliklə, Qarabağ Bakıdakı qələ­bəyə bərabər heç-heçəni təsadüfən qazanmadığını isbat etmək, Avropa klublarının bir çoxundan, bəlkə də, yaxşı oyun nümayş etdirmək, Alma­niyaya sadəcə səyahətə gəlmədiyini və qələbə iddiasında olduğunu sübüt etmək üçün Liverkuzendə idi. 

Möhtəşəm “BayArena” stadionu və çılğın alman azarkeşləri 36 oyun məğlubiyyətin nə olduğunu bilməyən sevimli klublarını elə ilk dəqiqələrdən böyük çoşqu ilə hücuma səsləyirdilər. Bakıdakı möhtəşəm oyunda “Qara­bağ”la matçın ancaq son dəqiqələ­rində heç-heçəyə nail olub məğlubiy­yətsizlik seriyasını qorumağı bacaran Xabi Alonsonun yetirmələri elə ilk dəqiqələrdən Liverkuzendəki cavab qarşılaşmasının favoriti olduqları­nı nümayiş etdirirdilər. Ağdamlıların qapısına aramsız hücumlarla start verən liverkuzenlilər “Qarabağ” bir an olsun belə rahat oynamağa imkan vermirdilər. 

İlk 10 dəqiqə oyun bütünlüklə al­man futbolçularının tam üstünlüyü şəraitində keçdi. Amma “Qarabağ” müdafiədə sayıq oynayır, topa tam sahibliyi ələ alan rəqibə, onun istədiyi hücumu qurmasına imkan vermirdi. 10-cu dəqiqədən sonra oyunda gər­ginlik tədricən azalmağa başladı. 12-ci dəqiqədə, nəhayət ki, qarabağlılar ilk dəfə Bayerin cərimə meydançası­na yaxınlaşa bildilər. 

Birinci hissənin ortalarına yaxın oyunda gərginlik demək olar ki, bir qədər səngiməyə başladı. Amma liverkuzenlilər topa yiyələnmədə üstünlüklərini qoruyub saxlayır və hücumlar təşkil etməyi bacarırdılar. “Qarabağ” klubunun yarımmüdafiəçi­si Yankoviç bu qarşılaşmanın da ən yaxşılarından idi. Elə ona görə də ilk matçda olduğu kimi, “BayArena”da da meydan sahibləri ona qarşı bəzən çox sərt oynayırdılar. Rəqibin aram­sız hücumları birinci hissədə heç bir nəticə vermədi. Amma artıq Qurban Qurbanovun yetirmələri də imkan düşən kimi əks-hücumlar təşkil edir və rəqib qapıçını narahat etməyə mü­vəffəq olurdular. Hətta 18-ci dəqiqədə Veşoviçin sağ kənardan cərimə mey­dançasına şığıyıb endirdiyi zərbə çər­çivəyə getsəydi, bu, “Bayer”in qapısı qarşısına ilk təhlükəli zərbə olardı. Beləcə, “Bayer” ilk 45 dəqiqədə “Qa­rabağ”ın qapısına 11 zərbə endirsə də hesabı aça bilmədi. 

İkinci hissə əsl möcüzə oldu. Doğ­rudur, “Bayer” ilk 15 dəqiqədə hesabı açmaq ümidi ilə yenə aramsız hü­cumlara başladı. Hətta bir məqamda transfer dəyəri 50 milyon avro olan Jeremi Frimponq “Qarabağ”ın cərimə meydançasına girərək yıxıldı. Lakin hakim Entoni Teylor burada qayda pozuntusu görmədi və VAR da baş hakimin qərarı ilə razılaşdı. 

“Əczaçılar” Azərbaycan klubu­nun qapısına təzyiqi artırdılar. Ardı­cıl bir neçə hücum təşkil etsələr də keçmiş legionerləri Lunyovu pərişan edə bilmədilər. “Qarabağ” isə tədri­cən rəqibin yorulduğundan istifadə edib kəskin əks-hücumlar qurmağa başladı. 

Matçın 58-ci dəqiqəsində “BayA­rena” tribunaları əsl şok yaşadılar. "Qarabağ" sürətli hücum təşkil etdi, Leandro Andrade rəqibin cərimə meydançasına şığıyıb, topu qapının önünə yüksəltdi. İlk matçda heç nə ilə yadda qalmayan Zubir bu dəfə ideal oynayıb rəqib müdafiəçidən hündürə tullandı və başı ilə topu qapının sol küncünə vurdu. “Bayer”in çexiyalı qa­pıçısı Matey Kovar bu topu tutmaqda aciz qaldı: 0:1. “Qarabağ” hesabda irəli çıxdı. Bu, həqiqətən, möhtəşəm idi. Kənardan oyunçularına uca səslə göstərişlər verən Xabi Alonsa mey­danda baş varənlərdən şoka düş­müşdü.

Ancaq cəmi 5 dəqiqə sonra “Qa­rabağ” azlıqda qaldı. 3 dəqiqə sonra “Bayer” komandamızı əks-hücumda yaxaladı. Braqa ilə oyunda qırmızı vərəqə alıb komandamızı çətin du­rumda qoymuş Elvin Cəfərquliyev alman futbolçunun qapıçı ilə təkbətək çıxmasının qarşısını kobudluqla aldı. İngiltərəli hakim Teylor əvvəlcə qo­naq müdafiəçiyə sarı, VAR-ın kömə­yindən sonra isə birbaşa qırmızı vərəqə göstərib meydandan çıxartdı. Bəli, bu, “Bayer” kimi rəqiblə, həm də onun meydanında oynamaqda çox ciddi problem yaratdı. Ancaq “Qara­bağ” problemi tez də unutdu və 67-ci dəqiqədə əsl möcüzə baş verdi. “Qarabağ” ikinci qolunu vurdu! Bəli, bəli, mövsümdə heç vaxt uduzmayan “Bayer” öz meydanında “Qarabağ”a 0:2 hesabı ilə uduzurdu. Ötürmə alan Marko Vesoviç sağ cinahdan sürətlə cərimə meydançasına şığıdı və Ju­ninyoya əla ötürmə etdi. O isə rəqib oyunçuları qabaqlayaraq topu qapıya göndərdi. Xabi Alonso və Leverkuzen birinci qolun şokundan çıxmamış ikin­ci şoku yaşadı!

Alonso çox qəzəbli görünürdü. Qarabağlıların ən xırda qayda po­zuntusuna belə çox sərt reaksiya nü­mayiş etdirir, əl jestləri ilə hakimdən futbolçumuzı cəzalandırmağı tələb edirdi. 

Əlbəttə, “Bayer” mövsüm ərzində ən çətin matçlarda belə xarakter nü­mayiş etdirdirməyi öyrənmişdi. 72-ci dəqiqədə Qrimaldonun sol cinahdan ötürməsindən sonra Jeremi Frim­pong hesabdakı fərqi azaltdı. Vaxt qonaqların xeyrinə işləyirdi. Ona görə də ev sahibləri “Qarabağ”ın qapısının mühasirəsini daha sıx davam etdir­dilər. Futbolçularımız əsl cəngavər xarakteri nümayiş etdirirdilər. “Bayer” tələsir, hesabı heç-heçəyə çatdırıb oyunun taleyini heç olmasa eks­tra-tayma keçirməyə çalışırdı. Virtz, Palasios, Şik və cinahlar çox fəal idi. Amma “Qarabağ”ın müdafiəsi mətin­liklə dayandı.

"Bayer" qonaqların qapısından ayrılmırdı. Xabi Alonso bir-birinin ar­dınca əvəzləmələr edib meydana yeni futbolçular çıxarırdı. Liverkuzenlilərin aramsız hücumlarına baxmayaraq, ikinci hissənin əsas vaxtı da 2-1 hesa­bı ilə bitdi. “Qarabağ”ın möcüzə yarat­masının qarşısını almaq üçün oyuna daha 6 dəqiqə əlavə edildi. İlk qarşı­laşmada olduğu kimi, bu dəfə də Qa­rabağlılar qələbəni əlavə vaxtda əldən verdilər. Leverkuzen 93-cü dəqiqədə ən hiyləgər kombinasiyanı oynadı: Qrimaldonun sol cinahdan əla ötürmə etdi, Patrik Şik isə hamını qabaqladı və topu qapıya göndərdi! Lunev o qə­dər də düzgün mövqe seçməmişdi və yaxın küncə endirilən zərbəni dəf edə bilmədi. “Bayer” 2, "Qarabağ" 2. 

İşlər ekstra-tayma doğru gedirdi. Amma yox. Əlavə edilmiş vaxt bitsə də hakim final fitini səsləndirməyə tələsmirdi. Qurban Qurbanovun yet­rimələrinin əldən düşdüyü açıq gö­rünürdü. Əlavə vaxt başa çatandan bir dəqiqə sonra Patrik Şik yenidən meydanda parladı. Bu dəfə yoldaşı Palasiodan aldığı ötürməni ustalıqla qola çevirən çexiyalı legioner Baye­rin qalibiyyətini təmin etdi. Lunyovun "Qarabağ"ı xilas etmək şansı olsa da, Andrey zərbəni dəf edə bilmədi.

Beləliklə, "Qarabağ" Avropa liqa­sının favoritlərindən biri və Bundesti­min lideri “Bayer” üzərində qələbəni əldən verdi. Cari mövsümdə heç bir məğlubiyyət yaşamayan Almaniya klubu 67-ci dəqiqəyə kimi öz meyda­nında say üstünlüyü ilə 0:2 uduzsa da, sonradan “Qarabağ”a vurduğu iki qol sayəsində “kambek” edib 1/8 fi­nala vəsiqəni təmin etdi. “Qarabağ”ın futbol cəngavərləri növbəti dəfə sen­sasiyanın bir addımlığında qələbəni əldən versələr də, turniri vüqarla tərk etdilər. Elə bizə də qürur yaşatdılar...

İlqar ÇAYRUDLU
XQ





İdman