ADA Universiteti Özbəkistanın ali və orta məktəblərində beynəlxalq təhsil proqramlarını təqdim edib

post-img

2024-2025-ci tədris ili üçün tələbə qəbulunun başlanması ilə əlaqədar Azərbaycanın ADA Universiteti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə Daşkənd və Səmərqənd şəhərlərindəki ümumtəhsil məktəblərinin sonuncu sinif şagirdləri və universitet tələbələri ilə görüşüb beynəlxalq təhsil proqramının təqdimatını həyata keçiriblər. 

ADA Universitetinin nümayəndələri AMM-nin əməkdaşları ilə birlikdə Daşkənd şəhərindəki 154, 5, 51, 17, 263 nömrəli, həmçinin Əl-Xarəzmi adına ixtisaslaşdırılmış məktəb, Genesis Education məktəbi, eləcə də Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Səmərqənd Dövlət Tibb, Heyvandarlıq və Biotexnologiya Universiteti, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Akademik Liseyi kimi bir sıra dövlət və özəl məktəblərdə olub, beynəlxalq təhsil proqramını şagird və tələbələrə təqdim ediblər. 

Qeyd edək ki, ingilis və rus dillərində keçirilən təqdimatlarda ADA Universitetinin Tələbə Qəbulu Şöbəsinin nümayəndəsi Sona Məmmədova və Biznes fakültəsinin baş müəllimi Mukhammadfoik Bakhadirov ictimai və beynəlxalq münasibətlər, hüquqşünaslıq, biznes, təhsil, dizayn və memarlıq, kənd təsərrüfatı və qida elmləri fakültələrinin  bakalavriat və magistratura səviyyələri üzrə ixtisaslarla tələbələri tanış ediblər. 

Həmçinin şagirdlərə  xarici ölkələrdən olan tələbələrin həyat şəraiti, parklar və istirahət yerləri, asudə vaxtın təşkili, universitetdəki dostluq ab-havası və s. əks etdirən videolar təqdim olunub. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       





Mədəniyyət