Azərbaycanın Qırğızıstandakı səfirliyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, ölkə ictimaiyyətinin nümayəndələri və yerli KİV təmsilçiləri iştirak edib.
Mərasimin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, soyqırım haqqında Heydər Əliyev Fondu tərəfindən çəkilən “Xocalıya Ədalət” sənədli filmi nümayiş etdirilib.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Xocalı soyqırımının tarixi haqqında iştirakçılara geniş məlumat verib, faciənin səbəbləri və nəticələri barədə danışıb.
O deyib ki, Xocalı soyqırımı ermənilər tərəfindən ciddi düşünülən bir addım olub.
O gün qocalara, qadınlara, uşaqlara aman verilməyib. Qəddarlığın səbəbi isə Azərbaycan xalqının iradəsini qırmaq idi. Lakin bu baş vermədi, xalqımız daha da mətinləşdi. Bu soyqırımda Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan, Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, erməni millətçiliyinin lideri Zori Balayan birbaşa iştirak ediblər. Bu şəxslər xalqımıza qarşı cinayət törətmiş və bu səbəbdən onlar tökülən günahsız qanlara görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Səfir öz çıxışında Azərbaycan xalqının və rəhbərliyinin Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu, lakin Ermənistan tərəfinin müxtəlif bəhanələrlə yayındığını qeyd edib.
Səfir Prezident İlham Əliyevin 20 il ərzində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycan diasporunun nümayəndələri öz çıxışlarında Ermənistanın törətdiyi vəhşiliyə etiraz edib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinin vacibliyini bildiriblər.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Bişkek