Akademik Musiqili Teatrda yeni premyera

post-img

Fevralın 21 və 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur rus yazıçısı və dramaturqu Zinovıy Saqalovun "Aysedoranın üç həyatı" pyesi əsasında hazırlanan "Aysedora" mono tamaşası təqdim olunacaq.

XIX-XX əsrlərdə yaşamış məşhur amerikalı rəqqasə Aysedora Dunkanın kəşməkəşli həyatından bəhs edən tamaşanın rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.

Səhnə əsərində Aysedoranın dahi rus şairi Sergey Yeseninlə, məşhur teatr xadimi Qordon Kreq və o dövrün müəyyən görkəmli simaları ilə münasibətləri obrazlı şəkildə göstərilir.

 “Sevgi və yaradıcılıq” mövzusunun ön plana çəkildiyi bu tamaşada Aysedora obrazını teatrın istedadlı solisti Olqa Georgiyeva canlandırır.

Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.

Sergey Yeseninin şeirlərinin səsləndirildiyi bu tamaşada dünya şöhrətli bəstəkarlar Sergey Vasilyeviç Raxmaninov, Lüdviq van Bethoven, Frederik Şopen, Entoni Nyuli, Artur Hamilton, Lesli Brikas, Astor Pyazzolla, Corc Gerşvin, İqor Stravinsky, Tomas Albinoni, İsak Şvarts və Xalq artisti Sərxan Sərxanın əsərlərindən istifadə olunub.

Mədəniyyət