Sibirdə Cavidlə eyni kamerada qalan aktyor

post-img

Ələkbər Seyfi. Bu ad Gəncədə teatr ictimaiyyətinə yaxşı tanışdır. O Ələkbər Seyfi ki, məhz Gəncə Dövlət Dram Teatrında fəaliyyətinə görə 19 il uzaq Sibir­də sürgün həyatı yaşayıb. 

...1932-ci ildə Gəncəyə köçürülən Bakı Türk İşçi teatrının yaradıcı kollek­tivinin ayrıca binası yox idi və yaradıcı kollektiv fəaliyyətini mədəniyyət evlərin­də, klublarda davam etdirirdi. Foreren qardaşlarının çaxır anbarı üçün tikilən bir bina 1934–36-cı illərdə bu teatr üçün uyğunlaşdırılır və truppa orada məskun­laşır. Əsl sınaq da məhz bundan sonra başlanır. Belə ki, 1937-ci ilin ağır repre­siya küləyi Ələkbər Seyfinin də qapısı­nı döyür. Guya, çaxır anbarının binası rekonstruksiya olunanda o, bünövrəyə bomba qoyubmuş. Elə bu bəhanə ilə də Seyfi əmi uzaq Sibirə sürgün edilir. 

Ələkbər əmi sürgündən Gəncəyə geri dönəndə – 1956-cı ildə teatrın yaradıcı kollektivi onu dəmiryol vaqzalında böyük coşqu ilə qarşılayıb. Təmkinini pozma­dan elə vağzaldaca kollektivə verdiyi ilk sual bu olub: “Mən qoyduğum bomba partlayıbmı?” 

Ələkbər Seyfi sürgün həyatı haqqın­da xatırələrində yazırdı: “Uzaq Sibirə sürgün olunmağımın bircə xoşbəxtliyi vardı. Böyük Hüseyn Cavid mənimlə eyni kamerada yatırdı. Şeirlərini bizə oxuyan­dan sonra sobada yandırırdı. O, əvəzsiz şəxsiyyət, görkəmli mütəfəkkir mənim qollarım arasında gözlərini yumdu”. Sür­gündən gələn kimi, Hüseyn Cavidin Si­birdəki məzarının koordinatlarını Dövlət Təhlükəsizliyi İdarəsinə məhz Ələkbər Seyfi təqdim edib. Deməli, İrkutsk vilayə­ti Tayşet rayonunun Şevçenko kəndində torpağa tapşırılan Hüseyn Cavidin cə­nazəsinin qalıqlarının 1982-ci ildə Azər­baycana gətirilməsində Ələkbər Seyfinin də əvəzsiz xidməti olub. 

Maraqlıdır ki, Sibirdə kamera qonşu­su olanların həyatında 59 və 19 rəqəmlə­ri dəfələrlə təkrarlanıb. Dahi şair və dra­maturqun başının ölçüsü 59 olub və o, 59 yaşında vəfat edib, ölümü 59 nömrəli aktla sənədləşdirilib. Bakıdakı 59 nömrəli evindən zorla ayrı salınan şair Sibirdə 59 nömrəli qəbirdə dəfn olunub və 59 ildən sonra ailəsi ilə görüşüb. Ələkbər Seyfi isə 19 mart 1901-ci ildə dünyaya gəlib, 19 il sürgün həyatı yaşayıb, sürgündən sonra qaldığı mənzilində də cəmi 19 il yaşaya bilib... 

Ələkbər Seyfulla oğlu Seyfi Tiflisdə anadan olub. “İttifaq” məktəbində təhsilalıb. Səhnədə ilk dəfə şagird vaxtı, 1914-cü ilin əvvəllərində Şəmsəddin Sa­minin “Gaveyi-ahəngər” (Dəmirçi Gavə) pyesinin tamaşasında Bəhram obra­zında çıxış edib. Bundan sonra məktəb tamaşalarında rollar oynayıb. 1917-ci ildə “İbrət” dram dərnəyinə üzv yazılıb. Orada hazırlanan tamaşalarda maraqlı çıxışlar edib. Ələkbər Seyfi səhnədə qa­dın rollarını da məharətlə oynayıb. Altay Məmmədov və Alp Ağamirovun “Ələkbər Seyfi” kitabında oxuyuruq: “1919-cu ilin fevralında “Pəri-cadu”da Hafizə xanım rolu Ələkbər Seyfiyə tapşırılır. Qabaqlar həmin tamaşada nökər Əmrah və təlxək rollarını müvəffəqiyyətlə ifa edən Ələkbər Seyfi əvvəlcə bu roldan boyun qaçırmağa çalışır, lakin yoldaşlarının təkidi ilə razılıq verir. Məşqlərin birinə xəlvəti baxan pye­sin müəllifi Əbdürrəhim bəy Haqverdiyev onun yoldaşlarına deyir: “Ələkbərdən əla Hafizə xanım çıxacaq”.

Ələkbər böyük ədibin inamını doğ­ruldur, zabitəli və qəddar qadının surə­tini böyük məharətlə yarada bilir. Daha sonra Əbdürrəhim bəy “İttihad” və “İbrət” cəmiyyətlərini birləşdirərək, yeni truppa yaradanda idarə heyətinə Əlimirzə Nə­rimanov, İsmayıl Həqqi və Ələkbər Seyfi daxil edilirlər. 

Kollektiv 1921-ci ildən hökumətin qə­rarı ilə Tiflis Dövlət Azərbaycan Dram Te­atrı statusu ilə fəaliyyətini davam etdirib. İbrahim İsfahanlı, Mirzəli Abbasov, Mus­tafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Əli Qurbanov, Möhsün Sənani, Panfiliya Tanailidi, Əbülfət Vəli ilə bərabər, Ələkbər Seyfinin səhnə fəa­liyyəti Tiflisdə böyük maraqla qarşılanıb. 1929-cu ilədək o, burada bir sıra maraqlı obrazları ilə tanınıb. Həmin ildə Azərbay­can Xalq Maarif Komissarlığının dəvəti ilə Bakı Türk İşçi Teatrına gələrək, ədəbi his­sə müdiri, direktor müavini, direktor kimi çalışıb. Sonra isə Gəncəyə gedib. 

Gəncədə Ələkbər Seyfi yaddaqalan obrazlar qaleriyası yaradıb. “Nadir şah”­da Rzaqulu, “Hacı Qara”da Kərəməli, “Ölülər”də Məşədi Oruc, “Şeyx Sənan”­da Şeyx Kəbir, “O olmasın, bu olsun”­da Hambal, Həsənqulu bəy, “Arşın mal alan”da Vəli, “Müfəttiş”də Dobçinski, “Yanğın”da aqronom, “İncə”də Kərim, “Bahar”da Veysəl Mirzə, “Vicdan”da Abdulla, “Kələkbaz sevgili”də kapi­tan Bernardo bu silsiləyə daxildir. O, özünəməxsus ustalıqla rolların xarakterik cəhətlərini tapıb, rejissor fikrini incəliklə­rinə kimi canlandırıb. 

Ələkbər Seyfi “Azərbaycanfilm” ki­nostudiyasında “Səhər”, “Qanun na­minə”, “Mən ki, gözəl deyildim” filmlərinə çəkilib, “Uşaqlığın son gecəsi” filmində yaratdığı İsmayıl obrazı ilə daha çox yad­daşlarda yaşayır. 

Dram və kino aktyoru, teatr təşkilat­çısı Ələkbər Seyfi, eyni zamanda, teatr­şünas və tərcüməçi olub. “Harunərrəşid”, “Məkr və məhəbbət”, “Qızılquşlar və qar­ğalar”, “İki yetim qız”, “İşarə”, “Morqanın qohumu”, “Fəlakət”, “Kələkbaz sevgilim”, “Qaçaqlar”, “Tülkü və üzüm”, “Təbilçi qız”, “Şeytan nəsli”, “Sabahın xeyir”, “Üç qəpiklik opera”, “Növbədə” kimi pyeslə­ri dilimizə uğurla tərcümə edib. 1920-ci illərdə Tiflisdə “Yeni fikir” qəzetində və “Dan yıldızı” jurnalında teatrla bağlı bir sıra məqalələrin də müəllifi Ələkbər Seyfi olub. 

Onun arxiv materiallarının içərisində görkəmli teatr xadimləri ilə olan yazış­maları da var. Professor Əziz Şərif, Xalq artisti Aleksandr Tuqanov və digərlərinin məktubları diqqət çəkir. Bir məktubunda Əziz Şərif Ələkbər Seyfiyə yazırdı: “Əzi­zim Seyfi, heç biləsən, kağızın məni nə qədər çox sevindirdi. Bəlkə daha çox ona görə ki, bu son iki ayın ərzində səni tez-tez xatırlayırdım. Bu vaxt mən Ə.Haqver­diyev haqqında müfəssəl xatirat yazır, onun mənə yazdığı məktublarını çapa hazırlayırdım. Bu ərəfədə gah Haqverdi­yevin məktublarında, gah müxtəlif sənəd­lərdə, gah da öz gündəliyimdə hey sənin adına rast gəlirdim. Səni könlüm çox istəyirdi. Axı o vaxtdan sağ qalan bizik, bir də Rza Təhmasib. Qalanları Allahın rəhmətinə gedib, bizim yolumuzu gözlə­yirlər. Biz də üzü yamanlıq edib getmək istəmirik. İnşaallah, hələ çox gözləməli olacaqlar. Seyfi can, özünü qıvraq saxla, məni də unutma”.

Ələkbər Seyfi 1958-ci ildə Əməkdar artist, 1961-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Böyük sənətkar 1977-ci ildə Gəncədə vəfat edib.

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas

Mədəniyyət