Filmlərində yaşayan rejissor

post-img

Şamil Mahmudbəyov – 100

Bu günlərdə Kino agentliyinin “ARKA.Culture.az" saytında oxuduq ki, kinore­jissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun qəbirüstü abidəsi yenilənib. Sosial şəbəkələrdə isə buna görə Mədəniyyət naziri Adil Kərimliyə minnətdarlıq duyğuları ifadə olunurdu. 

Tanınmış kinorejissor, Əməkdar in­cəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi ərəfəsində baxımsız və­ziyyətdə olan qəbirüstü abidəsinin Mə­dəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə yenilənməsi xəbəri bizi də se­vindirdi. 

Xatırladaq ki, Şamil Mahmudbəyov 6 fevral 1924-cü ildə Naxçıvanda anadan olub. İkinci dünya müharibəsində iştirak edib, I Ukrayna Cəbhəsində döyüşən ordunun tərkibində vuruşub, kontuziya alıb. Tərxis olunandan sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiyua­sı İnstitutunda oxuyub. Sonra Bakı ki­nostudiyasında çalışıb. “Görüş” , “Qara daşlar” filmlərində 2-ci rejissor işləyib, ilk müstəqil kino işi “Əyri yolla qazanc” qısametrajlı filmi olub. Mərhum sənətkar “Romeo mənim qonşumdur” lirik komedi­yasının, “Qaraca qız” kinonovellasının və başqa filmlərin rejissorudur. Müharibə­dən sonraki ilk illərdən bəhs edən “Şərikli çörək” filminə görə Dövlət Mükafatına la­yiq görülüb.

Yeri gəlmişkən, davanın odunu-alo­vunu görmüş sənətkarın filmləri arasında müharibə mövzulu, bu və ya digər dərə­cədə hərbi mövzuya toxunan kino əsər­ləri xüsusi yer tutur: “Torpaq. Dəniz. Od. Səma”, “Dörd bazar günü”, “Skripkanın sərgüzəşti”, “Tənha narın nağılı” bu qə­bildəndir.

Şamil Mahmudbəyov, eyni zamanda, aktyor olub, “Yenilməz batalyon” filmində Qaçaq Əlimərdan obrazını, Qarabağ mü­naqişəsinə həsr edilmiş “Fəryad” bədii fil­mində isə erməni Samvelin mənfi rolunu olduqca təbii oynayıb. Ağır xəstəliyə tu­tulmuş rejissor “Divar” və “Adam” adlı so­nuncu televiziya kinolentlərini tamamlaya bilməyib və 1997-ci ildə Bakıda dünyası­nı dəyişib. Ondan illər sonra filmin quru­luşçu operatoru Nizami Abbas “Adam”ın yarımçıq qalmış montaj və post-pro­dakşn işlərini həyata keçirib. İnsanların bir-birinə etinasızlığından, vəfasızlığın­dan və ümumilikdə insan tənhalığından bəhs edən kinolenti tamamlamaqla Ni­zami Abbas da, ssenari müəllifləri Balaş Abbaszadə və Nəriman Əbdülrəhmanlı da, prodüser Rasim Həsənov da unudul­maz sənətkarın ruhuna dərin ehtiramları­nı sərgiləyiblər...

Onu da deyək ki, Mədəniyyət Nazir­liyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondu böyük rejissorun 90 və 95 illik yubileylərinə həsr olunmuş yaddaqa­lan tədbirlər keçiriblər. Yalnız qəbirüstü abidəsinin təzələnməyə ehtiyacı vardı ki, o da artıq həll edilib. 

Kino Agentliyinin şöbə müdiri Rə­şad Qasımovun dedikləri: 

– 2023-cü ilin 6 fevral sabahı Elxan Qasımov zəng vurdu ki, nahar fasiləsin­də vaxt elə gedək doğum günündə Şamil Mahmudbəyovun məzarını ziyarət edək. Ora çatanda həmişəki kimi kövrəldi. Bö­yük rejissorun məzarının pis vəziyyətdə olması bəlkə də hamıdan çox onu na­rahat edirdi. Dost, həmkar olmuşdular. Üstəlik, kinostudiyanın Həmkarlar ittifaqı komitəsinin sədri Elxan müəllim oldu­ğu üçün bu məsələni həll etməyi özünə borc bilirdi. Dedi, gələn il Şamil müəlli­min 100 illik yubileyidir. Birdən başıma bir iş gəlsə, nəzərində olsun, bu boyda kişidən, “Şərikli çörək” filmindən ayıbdır. Məzar bərpa olunmalıdır. Üç ay keçmədi ki, Elxan müəllimi də itirdik. Nə yaxşı ki, arzusu yerdə qalmadı.

Bu gün Şamil Mahmudbəyovun 100 yaşı tamam olur. Əlamətdar yubileyinə 2 gün qalmış artıq onun yenilənmiş məza­rı hazırdır. Saat 11-də Bakıdakı II Fəxri xiyabanda məzarı başında xatirəsi anıla­caq.

Kinoşünas, Əməkdar incəsənət xa­dimi Aydın Kazımzadə:

– Şamil müəllim böyük istedad sahibi, əsl ziyalı və təvazökar insan idi. Tələbə ikən, kurs rəhbərləri Sergey Gerasimov və Tamara Makarova ona böyük hörmət­lə yanaşır və yüksək qiymətləndirirdilər. Bakıya qayıdandan sonra ona maneçilik törətsələr, bir müddətə sənətdən ayırsa­lar da, bütün çətinliklərə dözdü, özünü təsdiq etməyi bacardı. Filmləri ilə özünə heykəl qoydu. Şamil Mahmudbəyovun yaradıcılığında uşaq filmləri xüsusi yer tutur. Çəkiliş meydançasında uşaqlarla işləmək rejissordan böyük ustalıq tələb edir, kiçik yaşlı uşaqların psixoloqiyasını bilmək, qəlblərinə yol tapmaq lazım olur. O, bunun öhdəsindən layiqincə gəlirdi. Bu gün onun haqqında belə deyə bilərik: “Filmlərində yaşayan sənətkar”. 

Ruhu şad olsun!

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət