Özbəkistanlı qonaqlar Hüquq və İnsan Haqları İnstitutunda

post-img

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Qanunvericilik Palatası sədrinin birinci müavini və Milli İnsan Hüquqları Mərkəzinin rəhbəri Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb. 

M.Quluzadə qonaqları salamlayaraq onlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. İdarə Heyətinin sədri institutun insan hüquqları sahəsində apardığı maarifləndirici tədbirlərdən danışarkən bildirib ki, qurumun mütəxəssisləri tərəfindən  ötən il yerli icra hakimiyyətlərinin və DİN-in əməkdaşlarına, məhkəmə işçilərinə, həmçinin vəkillərə və hüquqşünaslara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarlarla bağlı silsilə təlimlər təşkil olunub. O, İnstitutda “İnsan hüquqları virtual kitabxanası”nın fəaliyyət göstərdiyini, kitabxananın “oflayn” versiyasının qadın cəzaçəkmə müəssisəsində də yaradıldığını və istifadəçilərə xidmət göstərən kitabxananın hüquq vəsaitlərinə böyük tələbat olduğunu diqqətə çatdırıb.   

Səmimi görüşə görə təşəkkür edən Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini A.Saidov bildirib ki, ölkəsi adından beynəlxalq təşkilatlara təqdim olunan insan hüquqlarına dair bütün hesabatlar Ali Qanunvericilik Palatası ilə məsləhətləşdirilir. Özbəkistanda da Hüquq və İnsan Haqları İnstitutu kimi fəaliyyət göstərən və cəmiyyətin maarifləndirilməsi üçün mühüm tədbirlər həyata keçirən analoji qurumun – Milli İnsan Hüquqları Mərkəzinin olduğunu qeyd edərək, gələcəkdə institutla bağlanacaq ikitərəfli əməkdaşlıq sazişinin hər iki tərəf üçün çox faydalı olacağını vurğulayıb. Eyni zamanda, azərbaycanlı həmkarlarının insan hüquqları sahəsində həyata keçirdiyi bir neçə vacib təcrübənin Özbəkistanda da icrasının əhəmiyyətli ola biləcəyini söyləyib. Akmal Seyidov bu yaxınlarda Özbəkistanda “İnsan Hüquqları Evi”nin açılacağı barədə məlumat verib. 

Görüşün sonunda İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Özbəkistan nümayəndə heyətinə institutun fəaliyyətindən bəhs edən, o cümlədən institutun tədqiqatçı-alimlərinin əməyinin bəhrəsi olan hüquq, beynəlxalq hüquq sahələrinə aid və mədəni abidələrimizin tarixini əks etdirən dəyərli kitablar təqdim edib.

Görüşdə Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Baxrom Aşrafxanov da iştirak edib.

Qabil YUSİFOĞLU
 XQ

 

 









Mədəniyyət