Adil Kərimli: Muzeylərin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması üçün konkret addımlar atılmalıdır

post-img

Milli İncəsənət Muzeyində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə muzey müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri ölkəmizdə muzey işinin, muzey müəssisələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Paytaxtda və regionlarda mövcud muzey binalarının əsaslı təmiri və ekspozisiyaların zənginləşdirilməsinə ayrılan diqqəti xüsusi vurğulayan nazir deyib: “Yeni muzeylərin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və himayəsi ilə Heydər Əliyev Fondu tərəfindən mədəni irsimizlə bağlı həyata keçirilən genişmiqyaslı fəaliyyətdə muzeylərlə bağlı layihələr mühüm yer tutur. Bu layihələr ölkəmizin muzey incilərinin dünyada tanıdılması ilə yanaşı, bir sıra ölkələrin muzey fondlarındakı Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin, o cümlədən qədim xalça məmulatlarının, əlyazmaların surətlərinin Vətənə qaytarılmasına xidmət edir. Muzeylərin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması zərurətə çevrilməli və bu sahədə konkret addımlar atılmalıdır”.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Üzeyir Hacıbəylinin Ev-muzeyinin direktoru Sərdar Fərəcov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Abdulla Şaiqin Ev-muzeyinin direktoru Ülkər Talıbzadə, Cəfər Cabbarlının Ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı sahə üzrə problemləri söyləyib, təkliflərini səsləndiriblər.

Görüşdə muzey müəssisələrinə daha geniş ziyarətçi kütləsinin cəlb olunması, muzey fondlarının zənginləşdirilməsi və inventarizasiyası, ekspozisiyaların və fondların müasir avadanlıqla təchiz edilməsi, kadr islahatlarının həyata keçirilməsi, dünya muzeyləri ilə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin təşkilinin diqqətdə saxlanılması vurğulanıb. Müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması və bununla bağlı əməkdaşların dəqiq və davamlı təlimatlandırılması da diqqətə çatdırılıb.

Bundan əlavə, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə onların müvafiq təlimlərdə iştirakının təmin olunmasının, həssas qruplardan olan vətəndaşların muzeylərin xidmətlərindən lazımi şəkildə istifadəsi məqsədilə inklüziv layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.







Mədəniyyət