Daşkənddə Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqat Cəmiyyəti təsis edilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU) ilə birgə “Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirib. 

AMM-də keçirilən tədbirdə Azərbaycan, Türkiyə və Özbəkistanın nizamişünas alimləri, ölkə ali məktəblərinin professor-müəllim heyəti, tədqiqatçılar, Nizami Gəncəvinin yaradıcılığı ilə maraqlanan müəllim və tələbələr  iştirak edib. 

Konfransda AMM nəzdində Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və bu istiqamətdə  təbliğat işlərinin həyata keçirilməsi məqsədilə Türk dünyası nizamişünas alimlərindən ibarət Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqat Cəmiyyəti (ETC) təsis edilib, qurumun fəaliyyət strategiyası qəbul olunub.

Cəmiyyətin Azərbaycan, Özbəkistan, Türkiyə elm xadimləri və alimlərindən ibarət idarə heyəti yaradılıb.  

Konfransda çıxış edənlər Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində  bir sıra maraqlı təklif irəli sürüblər.

İctimai əsaslarla yaradılan ETC DDPU, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti (DDÖDƏU), Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Özbəkistan Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Ankara Milli Kitabxanası, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, bir sıra ölkələrin universitetləri, elmi - tədqiqat təşkilatları, beynəlxalq elm fondları və digər elmi təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək.

DDÖDƏU-nun professoru Nurbay Cabbarov cəmiyyətin sədri, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov icraçı katib seçiliblər.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       



Mədəniyyət