Qırmızı dənizdə gərginliyin azalması husilərdən asılıdır

post-img

Ərəbistan yarımadasının cənubunda partlayıcı vəziyyət yaranıb və bu, hər an müharibəyə çevrilmək riski daşıyır. Yəməndə yerləşən “Ənsar Allah” (husilər) üsyançı hərəkatı aylardır Qırmızı dənizdə ticarət gəmilərinə hücum edərək qlobal ticarətin sabitliyini təhdid edir. ABŞ və müttəfiqləri husilərə xəbərdarlıq ediblər ki, hücumlarını dayandırmasalar, ciddi hərbi nəticələrlə qarşılaşacaqlar. Üsyançılara qarşı hərbi əməliyyat isə Yəməndə kövrək atəşkəsin pozulmasına gətirib çıxara bilər ki, bu da İran və Səudiyyə Ərəbistanını münaqişəyə cəlb olunma ehtimalını artırır.

“Ənsar Allah”ın Qırmızı dənizdə ticarət gəmilərinə hücumları qlobal dəniz ticarətinin 20 faizini pozub və 40-dan çox ölkəyə təsir edib. Bu barədə yanvarın 7-də Dohaya səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinken bildirib. Diplomat Qətərdə açıq şəkildə bildirib ki, Vaşinqtonun səbri tükənib. Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə keçirdiyi mətbuat konfransında cənab Blinken vurğulayb ki, “Bu, təkcə regional problem deyil... Bu o deməkdir ki, malların getməli olduqları yerə çatması daha çox vaxt aparır. Bu, xərcləri artırır və bu xərclər bütün dünyada istehlakçılara ötürülür”. 

Diplomat xəbərdarlıq edib ki, “ondan çox ölkə” husilərin hücumlarına görə cavabdehlik daşıyacaqlarını açıq şəkildə bildirib. O xatırladıb ki, ABŞ və digər 20 ölkə Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün dekabrın 18-də “Prosperity Guardian” əməliyyatına başlayıb. Husilərlə Vaşinqton arasındakı qarşıdurmada əsas sual prezident Co Bayden administrasiyasının üsyançılara qarşı sərt tədbirlər görməyə qərar verib-verməyəcəyi və hərəkatın yaxşı münasibətdə olduğu İranın buna necə reaksiya verəcəyidir.

Xatırladaq ki, husilər oktyabrın sonlarında Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara başlayıblar. Hərəkat yalnız İsraillə əlaqəsi olan daşıyıcılara hücum etdiyini deyir. Təcrübədə üsyançılar İsraillə açıq-aşkar əlaqəsi olmayan gəmiləri də raket və pilotsuz təyyarələrlə atəşə tuturlar. Belə ki, husilər noyabrın 20-də Baham adalarının bayrağı altında üzən “Galaxy Leader” gəmisini ələ keçirərək 25 ekipaj üzvünü girov götürüblər. Gəmi israilli iş adamına məxsus olsa da, gəmidə israilli olmayıb. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, husilər 19 noyabrdan bəri kommersiya gəmilərinə ən azı 24 hücum həyata keçiriblər. 

Mütəxəssislər bildirirlər ki, üsyançıların taktikası qismən işə yarayır. Belə ki, Qırmızı dənizdəki hücumlar İsrailə ciddi iqtisadi ziyan vurur. Belə ki, Eylat limanı noyabrdan bəri gəmiçilik fəaliyyətindən əldə etdiyi gəlirin 85 faizini itirib. Ən böyük konteyner daşıma operatoru “China Cosco Shipping” isə yanvarın 8-də husilərin hərəkətləri səbəbindən İsrail limanlarına malların çatdırılmasını dayandıracağını açıqlayıb. Siyasi şərhçilərin fikrincı, beynəlxalq şirkət İsrailə mal çatdırmaqdan imtina etməklə, üsyançıların tələblərini yerinə yetirib və bu da bir presedentin yaranması ilə nəticələnib. 

Amma bundan əziyyət çəkən təkcə İsrail şirkətləri deyil: beynəlxalq ticarətin təxminən 15 faizinin Bab əl-Məndəb boğazından keçdiyini nəzərə alsaq, Qırmızı dənizdə gəmilərə hücumlar artıq dünya miqyasında qiymətlərin artmasına səbəb olub. Son məlumatlara görə, noyabr ayından etibarən Qırmızı dəniz vasitəsilə yük daşımaları 35 faiz azalıb. Aralıq dənizi ilə Qırmızı dənizləri birləşdirən Süveyş kanalından keçən nəqliyyatın təxminən beşdə biri neftdir. Xam neft və neft məhsullarının ümumi tədarükü gündə demək olar ki, 9 milyon barelə bərabərdir və bu da ümumi dünya neft ticarətinin təxminən 12 faizi təşkil edir. Buna görə də, bu marşrut üzrə neft ticarətinin tam dayandırılması 2024-cü ildə neft qiymətlərinin kəskin artmasına səbəb ola bilər.

Hücumlar nəticəsində sənayenin beş ən böyük oyunçusu da daxil olmaqla 18 gəmiçilik şirkətinin yük marşrutları dəyişdirilib. “Time” qəzetinin yazdığına görə, Qırmızı dəniz uzunmüddətli perspektivdə bağlanarsa, əsas zərəri Avropa və Aralıq dənizi ölkələri görəcək. Tunis və Əlcəzair xüsusilə həssasdır, çünki onların Asiya ilə ticarətinin böyük hissəsi Süveyş kanalından keçir. İndiyə qədər ən çox itirən ölkə iqtisadiyyatı Süveyş kanalının tranzit ödənişlərindən asılı olan Misirdir ki, bu da əhalisi ən sıx olan ərəb ölkəsinin bütün valyuta gəlirlərinin dörddə birini təşkil edir. 

Təbii ki, dünya ölkələrini bu vəziyyət ciddi narahat edir. ABŞ və müttəfiqləri artıq husilərə ciddi xəbərdarlıq ediblər. ABŞ artıq bəyan edib ki, Yəməndə hava hücumları üçün potensial hədəflərin, o cümlədən radar qurğuları, raket və pilotsuz təyyarələrin buraxılış məntəqələri və sursat anbarlarının siyahısını tərtib edib. Eyni zamanda, Vaşinqton regionda hərbi mövcudluğunu artırır. Noyabrın sonunda Pentaqon “Duat Eyzenhauer” təyyarədaşıyan gəmisini müşayiət edən zərbə qrupu ilə birlikdə İran körfəzinə gətirib. “Gerald Ford” təyyarədaşıyan gəmisi də bölgədə növbə çəkir. CNN-in ABŞ rəsmi mənbələri bildirib ki, prezident Co Bayden administrasiyası İranla böyük bir toqquşmadan qaçaraq husilərin hücumlarına necə cavab verəcəyinə qərar verməyə çalışır. Telekanalın məlumatına görə, ABŞ Tehrana bildirib ki, gəmilərə hücumlar dayandırılmalıdır, əks halda mənfi nəticələrlə hədələyir. 

Siyasi analitiklərin sözlərinə görə, Yəməndə genişmiqyaslı əməliyyata başlamaqla ABŞ-ın rəhbərlik etdiyi koalisiya husilərlə Səudiyyə Ərəbistanı arasında kövrək atəşkəsi pozmaq riskini də artırır. Belə ki, husilərlə Ər-Riyad arasında 2015-ci ilin əvvəlindən hərbi toqquşmalar baş verir və müvəqqəti atəşkəsə yalnız 2022-ci ildə nail olunub. Buna görə də, Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ koalisiyasına qoşulmadılar. Çünki hər iki ölkə belə əməliyyatın risklərini anlayırlar. Səudiyyə Ərəbistanı 2015-ci ildən bəri Yəməndəki qruplaşmalarla mübarizəyə ayda 5-6 milyard dollar xərcləyib, lakin hərbi qarşıdurmada ciddi uğura nail olmayıb və müvəqqəti atəşkəs imzalamaq məcburiyyətində qalıb. Buna görə də, vəziyyətin daha da gərginləşməsi husilərdən asılıdır, üsyançılar hücumları dayandırmasalar, ABŞ və müttəfiqləri Yəməndə hərbi obyektləri yerlə-bir edəcəklər.

S.ELAY

XQ

 

 

Dünya