Bu il Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov  “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (AÖDC) icrası direktoru Erkin Nuriddinovla görüşüb. 

Söhbət zamanı Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə dair 2024-cü il üzrə görüləcək işlər müzakirə olunub.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bu il AÖDC nümayəndə heyətinin Azərbaycana səfəri, universitetlərimiz arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə layihələrin reallaşdırılması, bu ildən başlayaraq Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi, bu məqsədlə Azərbaycandan müvafiq pedaqoqların dəvət olunması, qarşılıqlı mühazirələrin keçirilməsi məsələləri diqqət mərkəzində olub. 

Özbəkistanda bu il dövlət səviyyəsində keçiriləcək Azərbaycan mədəniyyət günlərinə dair təşkilati işlərin həlli, bu ölkədə Nizami Gəncəvi, Məhəmməd Füzuli və Maqsud Şeyxzadə irsinin təbliği, onların əsərlərinin tərcümə və nəşr layihələrinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb, bu tədbirlərin  həyata keçirilməsi məsələləri razılaşdırılıb. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

Mədəniyyət