“İRS” jurnalının ingilis dilində növbəti sayı nəşr olunub

post-img

Azərbaycan həqiqətlərini uzun illərdən bəri dünyada tanıdan “İRS” jurnalının ingilis dilində son nömrəsi işıq üzü görüb. Jurnalın ilk məqaləsi 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mərkəzə həsr olunub. 

Məqalədə dünyanın tanınmış memarlıq inciləri sırasına daxil olmuş Heydər Əliyev Mərkəzinin layihələndirilməsi, tikintisi və çoxfunksiyalı fəaliyyəti haqqında geniş bilgi verilir, maraqlı illüstrasiyalarla təqdimş edilir. Növbəti məqalə Qərbi Azərbaycandan, xüsusən İrəvandan köklü sakinlərin – azərbaycanlıların deportasiyası, erməni dövləti və millətçilərinin 300 mindən çox soydaşımızın başına açdıqları zülmlər, vəhşiliklər haqqında foto-faktlar və sübutlarla xarici oxuculara geniş məlumat təqdim edilir.

İngiltərədən olan jurnalist İan Peartin məqaləsi Şuşaya həsr olunub. Məqalədə Azərbaycanın mədəniyyət paytaxtının müşahidələrlə bir növ portreti çəkilib və ermənilərin buradakı vəhşiliyi ürək ağrısı ilə qeyd olunub. 

Qarabağda yerləşən Alban abidələri, qədim məbədlər haqqında elmi məqalə də maraqla qarşılanır. Mənbələrə əsaslanan yazıda saxta adlarla erməniləşdirilmiş bu məbədlərin işğal dövründə yadellilər tərəfindən mənimsənilməsi, abidələrin memarlıq üslubunun, üzərindəki yazıların dəyişdirilməsi qeyd olunmaqla bu cür əməllərin Qafqaz Albaniyasına xarakterik olan tikililərin tarixdən silinməsi üçün davamlı siyasətin bir hissəsi kimi də göstərilmişdir.

“İRS-Heritage” jurnalının bu nömrəsində orta əsrlər sənətkarlığının incilərindən olan miniatürlər haqqında məqalə, Azərbaycanın möhtəşəm təbiət abidələri - Göygöl, Maralgöl, Kəpəz dağı haqqında fotoreportaj oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Onu da qeyd edək ki, “İRS”in ingilis nəşri dünyanın 50-dən çox ölkəsində yayımlanır.

Anar ƏLİ

XQ

Mədəniyyət