Özbəkistanda "Renessans" Milli Mükafatının təqdimetmə mərasimində Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib

post-img

Özbəkistan Milli Media Assosiasiyasının 20 illiyi ilə bağlı “Renessans” Milli Mükafatının verilməsi mərasimi keçirilib. 

Təntənəli tədbirdə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod
Əsədov ölkədə medianin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. 

Digər çıxış edənlər Özbəkistanın Baş nazirinin müavini Zulayxo Makhkamova, Özbəkistan Milli Media Assosiasiyasının İdarə Heyətinin sədri, professor Şerzod Kudrathoja Özbəkistanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyi və media sahəsinin inkişafı barədə danışıblar. 

Sonra müxtəlif nominasiyalar üzrə jurnalistlərə mükafatlar təqdim olunub. 

Mərasimdə Türkiyə, Çin Xalq Respublikası və digər ölkələrin səfirlikləri
tərəfindən jurnalistlərə xüsusi mükafatlar verilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) öz mükafatını Xarəzm vilayətinin “S-İqbol ” telekanalının jurnalisti
Sevara Raxmagullayevaya təqdim edib. Ona gələn il Azərbaycana reallaşdırılacaq mediaturda  iştirak hüququ verən Fəxri Diplom, xüsusi statuet və pul mükafatı təqdim olunub.

Mərasimdə çıxış edən AMM-nin direktoru Samir Abbasov Özbəkistanın Milli Media Assosiasiyasını 20 illik yubileyi münasibətilə təbrik edib. O deyib ki, mərkəz uzun illərdir ki, Özbəkistan mediası ilə sıx əməkdaşlıq edir, hər il ölkənin televiziya və radio kanalları, internet saytlarının jurnalistləri üçün Azərbaycana mediaturlar təşkil olunur. S.Abbasov bildirib ki, məhz bu əməkdaşlığın nəticəsi olaraq Özbəkistanın kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı çoxlu materiallar verilir.  

Tədbir konsert proqramı ilə davam edib. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 

 

 

 





Mədəniyyət