Retinoloqların VIII konfransında yeniliklər müzakirə edilib

post-img

Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycan Retinoloqlarının 8-ci Konfransı keçirilib. Qeyd edilən mərasim Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Milli Oftalmoligiya Mərkəzinin birgə təşşəbüsü ilə baş tutub. 

Konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, göz dibi xəstəliklərinə aid cərrahiyyədə baş verən ən son yenilikləri öyrənmək, yeni müalicə üsullarından istifadə etmək və təkliflər müzakirə etmək, baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. 

Konfrans təşkilat komitəsinin sədri tibb elmləri doktoru Müşfiq Kərimov, heyət üzvləri tibb üzrə fəlsəfə doktorları Lalə Axundova, Aişə Şahmalıyeva, Xalid Əliyev, Yazgül Abdiyeva və həkim Ceyhun Nəzərlinin təşkilatçılığı ilə baş tutub. 

Toplantıda tibb elmləri doktorları Müşfiq Kərimov, dosent Tural Qəlbinur, tibb üzrə fəlsəfə doktorları Polad Məhərrəmov,  Lalə Axundova, Xalid Əliyev,  Aişə Şahmalıyeva, Natavan Əliyeva, həkimlər Emin Əlihüseynli, Nigar Şahbazova, Anar Rəhimov, Nurana Nuriyevanın moderatorluğu ilə məruzələr müzakirə edilib.

Məruzə edilən bütün mövzular, xüsusilə, retinoloq cərrah Lala Axundovanın fərqli və maraqlı məruzəsi  konfrans iştirakçıları tərəfindən maraq və rəğbətlə qarşılanıb.

 Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildiriblər ki, konfransda “Mərkəzi seroz xorioretinopatiyaların müalicəsində müasir yanaşma”, “Sarkoidoza bağlı uveit”, “Şəkərli diabet zamanı uveitin kliniki-immunoloji xüsusiyyətləri”, “Diabetik makula ödeminin müalicəsində proqnostik faktorlar”, “Görmə siniri patologiyalarının diaqnostikasında VEP müayinəsinin rolu” və s. kimi məruzələr dinlənilib.

Məruzələr ətrafında müzakirələrdə maraq doğuran təkliflər qeydə alınıb, yeni araşdırmalar zamanı həmin məsələlərin nəzərə alınacağı bildirilib.

Zərifə Hüseynova

XQ





Səhiyyə