21 Azər – 78
XX əsrdə Güney Azərbaycanda üçüncü milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələnib. 78 ildir ki, “21 Azər” hərəkatı adlanan bu yüksəliş xalqımızın milli mücadilə tarixində ən şanlı və fəxrlə yad ediləcək səhifələrdən biri sayılır. AYB-nin Natəvan klubunda Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçirilən toplantıda ünlü hərəkatın keçdiyi mübarizə yoluna ətraflı nəzər salınıb.
Mərasimin əvvəlində azadlıq mücadilsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və 78 yaşlı Azərbaycan Milli Hökumətinin himni səsləndirildi. DAK həmsədri, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı 25 ildən bəri bu beynəlxalq diaspor təşkilatının xəttilə dünyanın müxtəlif yerlərində “21 Azər” hərəkatına həsr olunan tədbirlər keçirildiyini bildirərək qeyd etdi ki, Səttarxanın “Məşrutə inqilabı”, Şeyx Məhəmməd Xiyabaninin “Azadıstan” milli hökuməti kimi, Seyid Cəfər Pişəvəri hərəkatı da millətin birliyi, demokratik hökumətin qurulması amalına canla-başla xidmət edib. Cəmi 1 il ömür sürmüş Milli hökumətin qəbul etmiş olduğu bəyannaməni xatırladan həmsədr o zaman Güney Azərbaycanda istiqlal hərəkatının tarixi yaddaşın bərpasına mühüm töhfələr verdiyini vuirğuladı.
Tanınmış folklorşünas, araşdırmaçı-publisist Əli Şamil Güney mövzusunun milli şüurun gücləndirilməsinə təsirindən konkret faktlar əsasında bəhs etdi, “21 Azər” hərəkatının süquta uğramasının səbəblərini diqqətə çatdırdı. AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlu 1946-cı ildə Pişəvəri hökumətinin süqutunu faciə adlandırdı, qan içində boğulan mücadiləni Güney Azərbaycanında müstəqil müasir milli dövlətçilik cəhdi kimi dəyərləndirdi və Arazın bu tayı ilə mədəni əlaqələri xeyli gücləndirdiyini qeyd etdi.
Sonra Milli Məclisin deputatı Tahir Kərimli, Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin sədri Rəhim Hüseynzadə, DAK İdarə Heyətinin üzvləri Adil Minbaşı, Xəzər Emin, Siyavuş Mustafa, Zəlimxan Məmmədli, yazıçı-şərqşünas Fazil Güney, KXCP sədri Mirmahmud Fəttayev, şair Narıngül Nadir “21 Azər” hərəkatının tarixi rolunu sərf-nəzər etdilər, millətin öz taleyinə sahiblik duyğusunun daha da gücləndirilməsi, cənubda gedən proseslərin sistemli şəkil alması zərurətini önə çəkdilər.
Qüeyd edək ki, “21 Azər” hərəkatının daşıyıcısı olan Azərbaycan Milli Hökuməti fəaliyyət göstərdiyi qısa zaman kəsiyində – cəmi 1 il ərzində öz bayrağını, himnini qəbul edib, qadınlara səsvermə hüququ verib, parlament yaradıb, ana dilində məktəblər, Azərbaycan Radioverilişləri Agentliyini, Təbriz Dövlət Universitetini açıb. Dövlət Teatrı, İncəsənət Muzeyi, Azərbaycan Milli orkestri və onun əsasında təşkil olunmuş Dövlət Filarmoniyası, Rəssamlar və Heykəltəraşlar Cəmiyyəti fəaliyyətə başlayıb, ana dilində mətbuat orqanları nəşr edilib. . Lakin fars şovinizmi digər dünya gücləri ilə əlbir olaraq, Güney Azərbaycanda azadlıq ocağının söndürülməsinə nail olub. Buna baxmayaraq, Arazın o tayında azərbaycanlıların öz milli hüquqları uğrunda mübarizəsi davam edir və dönməz xarakter daşıyır. Elə bu günlərdə “21 Azər” hərəkatı və Cənubi Azərbaycan Milli Hökumətin qurulmasının ildönümü münasibətilə Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərində mədəni aksiya keçirilib.
Ə.ƏLİYEV
XQ