Amma Qəzzada silahlar hələlik heç cür susmaq bilmir
Dünən İsrail aviasiyası Qəzza zolağının cənubuna yenidən ağır zərbələr endirib. Yeni zorakılıqlar fonunda evlərini qoyub qaçan fələstinli ailələrin vəziyyəti daha da pisləşib. Onların çoxu kustar yol ilə hazırlanan çadırlarda daldalanır. Məlumatı BBC yayıb.
BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Qəzza zolağında davam edən ağır zorakılıqlar səbəbilə Yaxın Şərqdə məcburi köçkünlərin sayının artacağını bildirib. Təxmini məlumatlara görə, Qəzza sakinlərinin artıq 85 faizi məcburi köçkünə çevrilib.
Məlumat üçün bildirək ki, Qəzzada, bütövlükdə, 2,2-2,3 milyon insanın məskunlaşdığı ehtimal olunur. Əhalinin böyük əksəriyyəti işləmir və əsasən beynəlxalq humanitar yardımların hesabına tarıac-yarıttox dolanır.
Dünən İsrail Ordusunun sözçüsü BBC müxbirinə açıqlanmasında bildirib ki, İsrail aviasiysı son 24 saat ərzində əraziyə 250 hava zərbəsi endirib. Qəzzanın bir çox yaşayış məntəqlərində küçə döyüşləri intensiv xarakter alıb. HƏMAS yaraqlıları son günlər, demək olar ki, hər küçə və ev uğrunda vuruşurlar.
Dünən Qəzzada yaraqlılarla döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin 10 hərbçisi həyatını itirib. Bu, İsrail hərbçilərinin Qəzzada antiterror quru hərbi əməliyyatlara başladığı gündən ən böyük itkisidir. Bütövlükdə, HƏMAS–İsrail qarşıdurması zamanı İsrail ordusunun canlı itkiləri 113-ə çatıb, daha 550 hərbçi yaralanıb.
Fələstinlilərin itkiləri, təbii ki, daha çoxdur. Livanın “Al Mayadeen” telekanalının məlumatında deyilir ki, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində Qəzzada ölənlərin sayı 18,5 mini keçib. Xəbərdə həmçinin bildirilib ki, bu vaxta qədər ərazidə 50 mindən çox insan isə yaralanıb.
Dünən BMT Baş Assambleyası gərgin müzakirələrdən sonra 21 ərəb ölkəsi tərəfindən hazırlanmış Qəzza zolağında humanitar məqsədlər üçün atəşkəsə çağıran qətnamə layihəsini qəbul edib. Belə ki, BMT-yə üzv olan 193 ölkədən 153-ü qətnamə layihəsini dəstəkləyib, 10-u əleyhinə, 23-ü isə bitərəf qalıb.
Sənədin mətni digər məsələlərlə yanaşı, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, həmçinin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə riayət etməyi tələb edir. Eyni zamanda, BMT Baş Assambleyası qətnaməyə Avstriya və ABŞ-nin təklif etdiyi düzəlişləri qəbul etməyib. Lakin qətnamənin icra olunub-olunamayacağı bəlli deyil.
Türkiyə hökuməti HƏMAS–İsrail qarşıdurmasının sülh yolu il həlli üçün gərgin səylərini davam etdirir. Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrəm Serim Braziliya XİN-in baş katibi səfir Mariya Laura da Roca ilə Qəzzadakı vəziyyəti müzakirə edib. Diplomatlar BMT-nin Cenevrə şəhərindəki inzibati binasında görüşüblər.
Görünən budur ki, Qəzzada silahlar heç cür susmaq bilmir, hər gün onlarla günahsız insan həlak olur. Dünya birliyinin atəşkəslə bağlı gərgin səyləri isə hələlik heç cür bəhrə vermir.
M.HACIXANLI
XQ