Almaniya Aİ büdcəsinə ödənişlərin artırılmasına qarşıdır

post-img

Almaniya Ukraynaya 50 milyard avro həcmində yardım paketindəki payı istisna olmaqla, yaxın illərdə Avropa İttifaqının büdcəsinə ödənişləri artırmayacaq.

“Euractiv” portalı bu barədə Avropa İttifaqının dekabrın 14-15-də keçiriləcək sammiti ərəfəsində almaniyalı məmurların bəyanatlarına istinadla məlumat yayıb.

“Maliyyə siyasətinə ortamüddətli baxış gözlənilməz hallar baş verdiyi halda həyata keçirilməlidir və hazırda bu, növbəti bir neçə il ərzində Ukrayna üçün dəstəyə aiddir”, – deyə Almaniya hökumətindəki mənbələrdən biri bildirib. Onun sözlərinə görə, digər məsələlər “mövcud maliyyə qaydaları çərçivəsində” həll olunmalıdır və Almaniya sağlam maliyyə siyasətindən imtina etmək istəmir.

Avropa Komissiyası 2023-cü ildən Ukraynaya 18 milyard avro həcmində makromaliyyə yardımı proqramını həyata keçirir. İyunun 20-də Avropa Komissiyası ittifaq ölkələrini 2024–2027-ci illər üçün ortaq büdcəyə əlavə ödənişlər etməyə çağırıb. Bu, növbəti dörd il ərzində Ukraynaya 50 milyard avro həcmində yardım proqramının təsdiqi üçün lazımdır.

Qeyd edək ki, oktyabrın sonlarında Avropa İttifaqının Brüsseldə keçirilən sammitində Ukraynaya əlavə büdcə yardımının ayrılması təklifi Belçika, Macarıstan, Slovakiya və daha bir neçə dövlət tərəfindən bloklanıb. Bu səbəbdən Ukraynaya uzunmüddətli yardım proqramlarını hələ də qəbul etmək mümkün olmayıb.

XQ

 

Dünya