Bakıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş turizm sammiti keçirilir

post-img

Bakıda dekabrın 7-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Turizm Sammiti 2023" tədbiri keçirilir.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sammitdə Ümummilli Liderin yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan turizmi” sənədli filmi və kitabının təqdimatı olub.

Ekran əsərində Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlar, vaxtında atılan addımlar və bu uğurlu siyasətin davamı olaraq son 20 il ərzində turizmə ölkə rəhbərliyi tərəfindən diqqətin göstərilməsi sayəsində qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunur.

Dövlət Turizm Agentliyinin (DTA) Turizm siyasəti və strategiyası şöbəsinin Statistika və araşdırmalar sektorunun müdiri Nicat Abbaslı, DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov bu il ərzində turizm sahəsinin inkişafı üçün görülən işlər, o cümlədən “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq olaraq “2023-2026-cı il üçün Turizm İnkişaf Strategiyası”nın hazırlanması, vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sisteminin fəaliyyətə başlaması haqqında danışıblar.

Çıxışçılar indiyədək sistemdə 792 turizm sənayesi nümayəndəsinin qeydiyyat mərhələsinin tamamlanması, bu il qəbul olunan “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditinin başa çatması, bu aydan etibarən turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanların təşkil edilməsi haqqında məlumat veriblər.

Qeyd edilib ki, 11 ay ərzində Azərbaycana 1 milyon 893 mindən çox turist gəlib, bu isə ötən illə müqayisədə 30 faiz çoxdur. Bildirilib ki, pandemiyadan sonra bərpa prosesi sürətlə davam edir.





















Mədəniyyət