Məhkum Dilək Şaban qızının arzusu reallaşdı

post-img

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi daha bir məhkum qadının yarımçıq arzularına qanad verib.

İctimai Birlikdən bildiriblər ki, qurumun sədri Firuzə Cəlilova artıq məhkum qadınların onlara inanıb etibar etdiklərini və bu etimada söykənərək müxtəlif problemlərinin həlli istiqamətində müraciətlər ünvanladıqlarını söyləyib. Bu müraciətlərdən biri də 5 il müddətində azadlıqdan məhrum edilən məhkum Dilək Şaban qızı İbrahimova ilə bağlı olub. Məhkumun anası Məsəd xanım qızının orta məktəbi bitirməsi haqqında attestatını almaq üçün Birlikdən yardım istəyib.

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi problemin həlli istiqamətində aidiyyəti orqanlara müraciətlər ünvanlayıb. Sabunçu rayonunun II Zabrat qəsəbəsində yerləşən 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi lazımi köməyi göstərib. Nəticədə Nərimanov rayonunun 248 saylı tam orta məktəbində təhsil aldığını təsdiq edən attestat məhkum Dilək Şaban qızı İbrahimovaya təqdim olunub.

Bu, ailə üçün böyük bir sevincdir. İllərlə davam edən problem həllini tapdı. Bu sənəd Diləyi ən böyük diləyinə doğru aparacaq. O, indi məhkum həyatından sonrakı xoşbəxt günlərinin arzusu ilə yaşayır. Dilək yenidən həyata qayıdıb özünə yeni yol müəyyənləşdirəcək, ali təhsil alacaq.

Birlik cəzaçəkmə müəssisələrində olan və məhkumluq müddətini bitirmiş qadınların sosial problemlərinin həlli istiqamətində fəaliyyətini davam etdirir.

Birliyin sədri F.Cəlilova onlara ünvanlanan müraciətlərin bir neçəsi barədə yaxın gələcəkdə sevindirici xəbərlər verəcəyini söyləyib.

Sosial həyat