“Köhlən” nəşriyyatı “Türk dünyasının Əli Şamil hocası. Xatirələr” kitabını oxucu auditoriyasına təqdim edib. Kitab bütün mənalı ömrünü Türk xalqlarının folklor və ədəbiyyatının, dəyərli şəxsiyyətlərinin, eyni zamanda, problemli məsələlərinin araşdırılıb üzə çıxarılmasına sərf etmiş Əli Şamilin 75 yaşı münasibəti ilə yazımış xatirə-məqalələrdən ibarətdir. 476 səhifəlik kitaba daxil edilmiş bu xatirə-məqalələrsə təkcə Əli Şamilin ömür yoluna bələdçilik etmir, həm də 20-ci yüzilin sonu və 21-ci yüzilin əvvələrində Azərbaycandakı Milli Azadlıq hərəkatına qoşulmuş insanların ağrılı-açılı taleləri, vətən və millət uğrunda mübarizədə ölümlə üzləşdilkəri haqqında maraqlı məxəz və mənbələri faktlarla ortaya qoyur. Maraqlıdır ki, bu mənbə və məxəzlərin sayı isə bir deyil, beş deyil minlərlədir. Heç şübhəsiz ki, bunlar həm də Əli Şamil kimi yorulmaz bir tədqiqatçının ömür və yaradıcılıq yolunun zənginliyindən qaynaqlanır. O Əli Şamilin ki, Güney Azərbaycan türklərinin, Kuzey Kıbrıs türklərinin, Colan türkmanlarının, Uyğur və Ahıska türklərinin, Kumıkların, Qaqauzların, Krım tatarlarının, Noqay, Qaşqay türklərinin folkloru, ədəbiyyatı, yaşam tərzi, üzləşdiyi problemlər və faciəli taleləri haqqında araşdırma əsərləri ilə minlərlə oxucu və tədqiqatçıda böyük maraq doğurmuşdu.
Kitab gənc yaşlarından Azərbaycanın azadlığı və birliyi uğrunda müqəddəs bir mübarizəyə qoşulan Əli Şamilin Böyük Türk Dünyasının hər yerindən keçən yollarının göstəricisi kimi bir təəsürat da yaradır. Əslində isə həyat və mübarizənin bütün kədər və sevincləri ilə dolu olan bu yol təkcə Türk Dünyasının coğrafiyasından - Azərbaycandan, Altaydan, Güney Azərbaycanından, Dağıstandan, Doğu Türkstandan, Qaqauz yerindən, Qaraçay Çərkəzdən, Tatarstandan, Türkiyədən, Kırımdan yox, həm də dünyanın Almaniya, İsveç, Suriya, İraq, Gürcüstan kimi məmləkətlərindən də keçir. Maraqlıdır ki, dünyanın ən müxtəlif məkanlarında yaşayan insanların yazdıqları bu dəyərli xatirələrdə təkcə Əli Şamilin həyat yolunun yox, həm də bu insanların türk amalı uğrunda mübarizələrinin zəngin təqdimatını görürürük. Bu baxımdan da kitab türk dünyasının mübarizə tarixinin öyrənilməsində əhəmiyyətli yer tutur və Türk xalqları arasındakı ədəbi, mədəni əlaqələri öyrənənlər üçün də zəngin mənbəə hesab edilə bilər.
Tədqiqatçı və elm adamı Nəzir Əhmədlinin nəşrə hazırlayadığı kitab Nizami Əlisoyun tərtibatı ilə təqdim olunur. Kitabda dərc edilən məqalələri filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı toplamışdır.
XQ

